🌐 Keçmişin izi, gələcəyin sözü
12 İyul 2026, saat 21:46   •   🌡️ Bakı

Xalqın ehtiramını qazanmış din xadimi – Hacı Mirtaha Ağa

Azərbaycanın müxtəlif bölgələri əsrlər boyu müqəddəs ocaqları, elm və irfan sahibləri, eləcə də Peyğəmbər (s.ə.s.) nəslindən gəldiklərinə inanılan seyid ailələri ilə tanınıb. Xalqımız seyidlərə hər zaman xüsusi ehtiram göstərib, onları mənəvi dəyərlərin qoruyucuları, dini maarifçiliyin daşıyıcıları kimi qəbul edib.
Araşdırmalarda qeyd olunur ki, Azərbaycandakı seyid nəslinin mühüm qollarından biri Cənubi Azərbaycanın Ərdəbil bölgəsi ilə bağlıdır. Bununla yanaşı, Yardımlı rayonunun Perimbel kəndi də ölkəmizdə seyid nəslinin ən qədim və tanınmış ocaqlarından biri kimi xatırlanır. Biləsuvar rayonu da bu müqəddəs nəslin nümayəndələrinin yaşadığı bölgələrdən biridir və rayonumuz bu gün də seyid övladlarının çoxluğu ilə seçilir.
Bu yazımızın qəhrəmanı xalq arasında böyük nüfuz və hörmət qazanmış Hacı Mirtaha Ağadır. O, insanların böyük ehtiram göstərdiyi, el ağsaqqalı və din xadimi kimi tanınan Hacı Mirsultan Ağanın yaxın qohumu idi. Ailələrinin İmam Səccad (ə) nəslinə mənsub olduğu qəbul edilir və bu müqəddəs soy uzun illər bölgədə dini-mənəvi dəyərlərin yaşadılmasına mühüm töhfələr verib.
Hacı Mirtaha Ağa ömrünü Biləsuvar rayonunun Bəydili kəndində yaşamış, xalqın mənəvi dayaqlarından biri olmuş din xadimlərimizdəndir. O, təkcə dini biliyi ilə deyil, yüksək əxlaqı, təvazökarlığı, müdrikliyi və səmimiyyəti ilə də insanların dərin rəğbətini qazanmışdı. Harada görünürdüsə, insanlar ona böyük ehtiram əlaməti olaraq ayağa qalxar, hörmət və izzətlə qarşılayardılar. Onunla söhbət etməyi hər kəs özünə mənəvi qazanc sayar, hikmət dolu fikirlərini, şirin və təsirli söhbətlərini böyük maraqla dinləyərdi.
Hacı Mirtaha Ağa öz dövrünün el arasında ən çox sevilən və hörmət edilən dini şəxsiyyətlərindən biri idi. Onun adı bu gün də Biləsuvar camaatının yaddaşında xeyirxahlıq, mənəviyyat, elm və yüksək insanlıq nümunəsi kimi yaşayır.

 

Bu yazını hazırlayarkən Hacı Mirtaha Ağanın övladı, el arasında dərin hörmət və ehtiram qazanan Hacı Mirsahib Ağa ilə də söhbətləşdik. Atasının həyat yolu, mənəvi dünyası və insanlara münasibəti barədə danışan Hacı Mirsahib Ağa onun xatirəsini böyük məhəbbət və ehtiramla yad edərək dedi:

 

 

“Atam Hacı Mirtaha Ağa ömrünü Allahın rizasını qazanmağa, insanlara xeyir verməyə və dinimizin müqəddəs dəyərlərini yaşatmağa həsr etmişdi. O, heç vaxt insanlar arasında fərq qoymaz, qapısına gələn hər kəsi eyni səmimiyyətlə qarşılayardı. Hər zaman deyərdi ki, insanın ən böyük sərvəti mal-dövlət deyil, qazandığı halal ad, gözəl əxlaq və insanların duasıdır. Atamın ən böyük arzusu insanların bir-birinə mərhəmətli, ədalətli və mehriban olması idi. Bu gün də onu tanıyanlar xatirəsini hörmətlə anır, etdiyi yaxşılıqları minnətdarlıqla xatırlayırlar. Mən də onun övladı olaraq bu mənəvi irsi qorumağı özümə borc bilirəm.”

 

Hacı Mirtaha Ağanın oğlu Hacı Miradəm Mir Taha oğlu da atası haqqında dərin ehtiramla danışaraq onun həyatının gənc nəsillər üçün əsl örnək olduğunu bildirdi:

 

 

“Atam Hacı Mirtaha Ağa bizim üçün təkcə ata deyildi. O, həm də müəllimimiz, tərbiyəçimiz və mənəvi rəhbərimiz idi. Hələ uşaqlıq illərimizdən bizə İslam dininin gözəlliklərini, müqəddəs dəyərlərini, halal-haram anlayışını və insanlıq məktəbini öyrədirdi. Onun ən böyük arzularından biri övladlarının elmli, imanlı və vətəninə bağlı insanlar kimi yetişməsi idi.
Atam təkcə bizə deyil, yüzlərlə şagirdinə də «Qurani-Kərim»i öyrədib, onlara dini biliklər aşılayıb. O, hər zaman deyirdi ki, həqiqi mömin yalnız ibadəti ilə deyil, həm də gözəl əxlaqı, dürüstlüyü və ədaləti ilə seçilməlidir. Ömrü boyu haqqın yanında dayanmağı, haqsızlığa boyun əyməməyi özünə həyat prinsipi seçmişdi.
Onunla dəfələrlə dini məclislərdə birlikdə olmuşuq. Hər çıxışında insanları Allah yoluna, doğruluğa, mərhəmətə və ədalətə səsləyərdi. Eyni zamanda vətəni sevməyi, xalqına bağlı olmağı, milli və mənəvi dəyərləri qorumağı hər bir insanın müqəddəs borcu hesab edirdi. Deyirdi ki, dinini sevən insan vətənini də sevməli, xalqına xidmət etməlidir.
Atam zülmə, haqsızlığa və ədalətsizliyə qarşı həmişə barışmaz mövqe nümayiş etdirirdi. İnsanları haqsızlıq qarşısında susmamağa, haqqın və ədalətin tərəfində dayanmağa çağırırdı. O, bütün ömrünü Allahın rizasını qazanmağa, insanlara fayda verməyə və mənəvi dəyərləri yaşatmağa həsr etdi. Bu gün də onu tanıyan hər kəs Hacı Mirtaha Ağanı xeyirxahlığı, təvazökarlığı, müdrikliyi və insanlara sonsuz sevgisi ilə xatırlayır. Atamın bizə qoyduğu ən böyük miras isə halal ad, gözəl əxlaq və insanlara xidmət etmək amalıdır.”

 

Hacı Mirtaha Ağanın digər oğlu Mirvəli Hacı Mir Taha oğlu isə atasının həyat yolunu xatırlayaraq onun mənəvi irsinin gələcək nəsillər üçün böyük məktəb olduğunu vurğuladı:

 

 

“İslamın görkəmli şəxsiyyətlərini, alimlərini və din yolunda ömürlərini həsr etmiş insanların xatirəsini yaşatmaq, onların həyat və fəaliyyətini gələcək nəsillərə tanıtmaq hər birimizin mənəvi borcudur. İnanıram ki, belə insanların həyat yolu bu gün də cəmiyyətimiz üçün böyük örnəkdir və onların irsi insanlara doğru yolu göstərməyə davam edir.
Belə alimlər dünyasını dəyişsələr də, əslində heç vaxt unudulmurlar. Onların qoyub getdikləri mənəvi irs xalqın sərvətinə çevrilir, illər keçdikcə daha da qiymət qazanır. Mənim atam Hacı Mirtaha Ağa da məhz belə şəxsiyyətlərdən idi. O, öz təvazökarlığı, dərin dini biliyi, hikmət dolu söhbətləri, yüksək əxlaqı və təqvası ilə insanların qəlbində silinməz iz qoymuşdu.
Atam hələ kiçik yaşlarından İslam dininə və dini elmlərə böyük maraq göstərirdi. Elmə olan sevgisi onu dövrünün tanınmış din alimi, mütəfəkkiri, fəqihi və yüksək mənəviyyat sahibi Axund Hüseynin yanında təhsil almağa sövq etdi. O, illərlə ustadının yanında dini elmləri öyrəndi, öz biliyini artırdı və ömrünün sonuna qədər də müəlliminə böyük ehtiramla yanaşdı. Atam hər zaman deyirdi ki, insanı kamilləşdirən ən böyük məktəb elm və əxlaq məktəbidir.
Sonralar özü də yüzlərlə insana dini biliklər öyrətdi, çoxlu sayda tələbə yetişdirdi. Bu gün onun yetişdirdiyi şagirdlər müxtəlif bölgələrdə dini maarifçiliyi davam etdirir, müəllimlərindən öyrəndikləri gözəl əxlaqı, ədaləti və insanpərvərliyi yaşadırlar. Bu, atamın qoyub getdiyi ən qiymətli irsdir.
İnsan yalnız adı çəkildiyi üçün deyil, əməlləri yaşadığı üçün unudulmur. Xeyirxah əməl, elm, tərbiyə və insanların qəlbində qoyduğu iz onu daim yaşadır. Hacı Mirtaha Ağa da bu gün fiziki olaraq aramızda olmasa da, onun öyrətdiyi dəyərlər, yetişdirdiyi insanlar və haqqında deyilən xoş sözlər sayəsində yaşayır. O, hər zaman xatırlanacaq, dualarla anılacaq və gələcək nəsillərə örnək göstəriləcək bir şəxsiyyətdir.
Ruhun şad, məqamın uca, yerin cənnət olsun, əziz atam. Sənin bizə miras qoyduğun mənəvi sərvət ömrümüzün sonunadək yolumuzu işıqlandıracaq.”

 

Hacı Mirsultan Ağanın oğlu Hacı Miralim Ağa isə Hacı Mirtaha Ağa haqqında xoş xatirələrini bölüşərək onun təkcə qohumları üçün deyil, bütün el-obanın mənəvi dayaqlarından biri olduğunu bildirdi:

 

 

“Mənim atam Hacı Mirsultan Ağa ilə Hacı Mirtaha Ağanı təkcə qohumluq bağları birləşdirmirdi. Onlar həm də səmimi dost, sirdaş və məslək yoldaşı idilər. Tez-tez bir araya gələr, dini mövzularda söhbətlər edər, insanların problemlərini müzakirə edər, el-obanın xeyir işlərində birlikdə iştirak edərdilər. Onların dostluğu qarşılıqlı hörmətə, etimada və mənəvi dəyərlərə söykənirdi.
Bizim ulu yurdumuz olan Perimbel kəndi əsrlər boyu seyidlər, din alimləri və müqəddəs ocaqları ilə tanınıb. El arasında Perimbel adının da ocaq, müqəddəs məkan mənası daşıdığı söylənilir. Bu torpaq neçə-neçə elm və irfan sahibi yetişdirib. Hacı Mirtaha Ağa da həmin mənəvi ocağın yetişdirdiyi görkəmli din xadimlərindən biri idi.
Hacı Mirtaha Ağa mənimlə həm ata, həm də ana tərəfdən qohum idi. O, həm dayım, həm də əmim sayılırdı. Ancaq aramızdakı münasibət təkcə qohumluqla məhdudlaşmırdı. Mən onu öz atam qədər əziz bilir, ona böyük ehtiram bəsləyirdim. Onun söhbətlərində iştirak etmək, nəsihətlərini dinləmək mənim üçün böyük məktəb idi. Hər görüşümüzdə ondan yeni bir hikmət, yeni bir öyüd öyrənirdik.
Hacı Mirtaha Ağa müqəddəs “Qurani-Kərim”i mükəmməl bilirdi. O, ilahi kəlamın mənasını insanlara sadə, anlaşıqlı dillə izah edir, dinimizin gözəl əxlaqını və mənəvi dəyərlərini təbliğ edirdi. O, heç vaxt biliyini özündə saxlamaz, öyrəndiklərini insanlarla bölüşməyi Allah qarşısında bir məsuliyyət hesab edərdi. Təvazökarlığı, səmimiyyəti, səbir və mülayimliyi ilə hər kəsin rəğbətini qazanmışdı.
Bu gün Hacı Mirtaha Ağanı xatırlayanda ilk növbədə onun gözəl əxlaqı, insanlara sevgisi və elmə bağlılığı yada düşür. Belə insanlar cismən dünyadan köçsələr də, əməlləri və xatirələri ilə daim yaşayırlar. Allah Hacı Mirtaha Ağaya rəhmət eləsin, məqamını uca etsin. Onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.”

 

Mirsultanov Mir Hənifə Mirsultan oğlu

 

 

Hacı Mir Taha Ağa mənim həm əmim, həm də dayım idi. Onu uşaqlıqdan necə tanımışdımsa, ömrünün son dəqiqələrinə qədər də həmin əqidəsinə sadiq qaldığını gördüm.
Mir Taha Ağa yaşca böyük olsa da, kimi görsə, özü qabağa gələr, salam verər, hal-əhval tutardı. Böyüklüyünü davranışı, sadəliyi və insanlara olan münasibəti ilə göstərərdi.
Allah Mir Taha dayımı insan kimi böyük yaratmışdı. Onun haqqında danışmaqla qurtarmaq olmaz. Allah ona rəhmət eləsin!

 

Mirsultanov Mirrövşən Mirsultan oğlu

 

 

Allah heç kəsi böyüksüz etməsin. Hacı Mir Taha ağa bizim həm böyüyümüz, həm də ağsaqqalımız olub. Biz ondan çox şey öyrənmişik.
Onunla birlikdə Həcc ziyarətində olmaq mənə də nəsib olub. Onun imanı, səxavəti, qabiliyyəti, əxlaqı və insanlar arasında qazandığı hörmət hər kəsə məlum idi. Həmişə gənclərə yol açar, onlara dəyər verər və qayğı göstərərdi.
Biz onun kimi ola bilmərik. Hacı Mir Taha Ağanın məqamı böyük və ucadır. Vaxt keçdikcə bu məqamın nə qədər uca və əlçatmaz olduğunu daha dərindən duyacaq, daha yaxşı dərk edəcəyik. Allah ona rəhmət eləsin!

 

Qafqaz Müsəlmanları İdarəsinin Biləsuvar rayonu üzrə səlahiyyətli nümayəndəsi və Biləsuvar Şəhər Cümə məscidinin axundu Hacı Əlifağa Murtuzov

 

 

Hacı Mir Taha Ağa haqqında söz demək, onun gördüyü işləri qiymətləndirmək mənim üçün həm böyük şərəf, həm də mənəvi borcdur.
Mir Taha Ağa Cənub bölgəsinin tanınmış və hörmətli ruhani alimlərindən biri idi. O, rayonumuzda həmişə ağsaqqallığı, müdrikliyi və nəcib davranışı ilə sevilib-seçilən şəxsiyyət olub. Öz sözü, nəsihəti və həyat tərzi ilə xalqına, camaatına və millətinə nümunə göstərib.
Sovet hakimiyyətinin dini təbliğata qadağa qoyduğu çətin dövrlərdə belə dini elmləri öyrənməkdən çəkinməyib. Görkəmli alim Axund Molla Hüseynin məclisində elm alıb, həmin illərdən etibarən dininə, dövlətinə və xalqına sadiq xidmət göstərib. Öyrəndiyi dini bilikləri insanlara çatdırmaq üçün ömrünü sərf edib, xalqın həm sevincli, həm də kədərli günlərində məclislərin başında ağsaqqal sözü deyib. Camaat da onu həmişə öz ağsaqqalı kimi qəbul edib, sözünə böyük ehtiram göstərib.
Mən Hacı Mir Taha ağanı ilk dəfə 1980-ci ildə tanıdım. Uşaqlıqdan dini elmlərə böyük maraq göstərirdim. Valideynlərim məni onun yanına gətirdilər ki, dini biliklər öyrənim. Hacı mənə dərs keçər, bilmədiyim məsələləri səbirlə izah edərdi. Elmə olan həvəsimi və çalışqanlığımı görüb bir gün mənə belə dedi:
– Qardaşoğlu, görürəm ki, çalışqan uşaqsan. Sənə bir neçə nəsihətim var. Dediklərimə qulaq as, inşallah, nəticəsini görəcəksən.
Sonra Həzrəti Məhəmməd Peyğəmbərin (s.ə.s.) elm və alim haqqında buyurduğu hədisləri mənə danışdı:
“Həqiqətən, alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər özlərindən sonra nə dinar, nə də dirhəm miras qoyurlar. Onların mirası elmdir.”

Daha sonra belə bir rəvayət söylədi:

“Bir gün Həzrəti Peyğəmbər məscidə daxil oldu. Gördü ki, bir dəstə ibadət və zikrlə, digər bir dəstə isə elm öyrənməklə məşğuldur. Buyurdu: “Hər iki məclis xeyirlidir, lakin elm məclisi mənim nəzərimdə daha üstündür. Çünki mən insanlara elm və ədəb öyrətmək üçün peyğəmbər göndərilmişəm. Sonra isə elm öyrənənlərin yanına gedərək onların məclisində əyləşdi.”
Hacı Mir Taha Ağanın bu hikmətli nəsihətləri mənim elmə daha böyük sevgi və məsuliyyətlə yanaşmağıma səbəb oldu. Mən də ona söz verdim ki, daim oxuyacaq, öyrənəcək və elm yolundan ayrılmayacağam.
Hacı mənim ustadım idi. O, təhsil almağım, elm öyrənməyim üçün mənə həm mənəvi, həm də maddi dəstək göstərdi, daim qayğımla maraqlandı. Mən də onun etimadını doğrultmağa çalışdım. Oxudum və 1988-ci ildən Biləsuvar rayonunun axundu vəzifəsinə təyin olundum.
Bu mərtəbəyə çatmağımda Hacı Mir Taha Ağanın zəhməti danılmazdır. Onun ruhu qarşısında dərin ehtiramla baş əyir, əziz ustadıma Uca Allahdan rəhmət və məğfirət diləyirəm.

 

 

P.S. Hacı Mir Taha Ağa təkcə bir ailənin, bir nəslin və ya bir rayonun ağsaqqalı deyildi. O, öz ömrünü iman, elm, mərifət və insanlığa həsr etmiş bir şəxsiyyət idi. Onun öyrətdiyi hər kəlmə, etdiyi hər nəsihət, göstərdiyi hər yaxşılıq bu gün də insanların qəlbində yaşayır.
İnsan ömrü fanidir, amma xeyirxah əməllər, gözəl ad və yetişdirdiyi insanlar əbədidir. Hacı Mir Taha Ağa da məhz belə insanlardan idi. O, ömrünü Allahın rizasını qazanmağa, insanlara doğru yolu göstərməyə, cəmiyyətə birlik, mərhəmət və mənəvi dəyərlər aşılamağa sərf etdi.
Bu kitab onun nur saçan ömrünə, zəngin mənəvi irsinə və örnək həyat yoluna kiçik də olsa ehtiramın ifadəsidir. İnanırıq ki, Hacı Mir Taha ağanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq, həyatı və əməlləri isə gələcək nəsillər üçün də örnək olacaqdır.
Uca Allah Hacı Mir Taha Ağaya sonsuz rəhmət etsin, qəbrini nurla doldursun, məqamını ali etsin. Onun əziz xatirəsi daim hörmət və ehtiramla anılacaq. Amin, inşallah!

 

 

 

Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü, Prezident və
Həsən bəy Zərdabi mükafatçısı

Mənbə: Odlar.media