🌐 Keçmişin izi, gələcəyin sözü
13 İyul 2026, saat 11:37   •   🌡️ Bakı

İlham Əliyev: ABŞ ilə münasibətlər tarixdə görünməmiş səviyyəyə yüksəlib

Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.

Dövlət başçısının sözlərinə görə, iki ölkə arasında əlaqələr artıq strateji tərəfdaşlıq mərhələsinə yüksəlib.

Prezident qeyd edib ki, ötən ilin avqustunda Vaşinqtonda Donald Trampla keçirilən tarixi görüş, bu ilin yanvarında Davosda baş tutan görüş, Prezident Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının təsisçi üzvlərindən biri olmaq üçün Azərbaycanın dəvət edilməsi, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri, Bakıda onunla Strateji Tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin imzalanması və digər mühüm hadisələr münasibətlərin tarixdə görünməmiş səviyyəyə çatdığını nümayiş etdirir.

İlham Əliyev vurğulayıb ki, hazırda Strateji Tərəfdaşlıq Bəyannaməsinin bütün müddəalarının həyata keçirilməsi istiqamətində intensiv iş aparılır. Onun sözlərinə görə, bu məqsədlə yaradılmış işçi qrupları ticarət və investisiyalar, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, müdafiə və silah satışları sahələrində fəal fəaliyyət göstərirlər.

Prezident əlavə edib ki, ABŞ Azərbaycanla bağlı silah satışına tətbiq olunan bütün məhdudiyyətləri aradan qaldırıb. Onun sözlərinə görə, bu addımdan sonra Böyük Britaniya və Avropa İttifaqına üzv dövlətlər də analoji qərarlar qəbul ediblər.

Dövlət başçısı bildirib ki, bütün bu proseslər Azərbaycan–ABŞ münasibətlərinin mahiyyətini, mövcud səviyyəsini və gələcək inkişaf potensialını aydın şəkildə ortaya qoyur.