🌐 Keçmişin izi, gələcəyin sözü
12 İyul 2026, saat 13:00   •   🌡️ Bakı

Şeirin sığındığı ünvan: Şakir Xanhüseynli

Odlar.media sevimli şairimiz Şakir Xanhüseynlinin ürəyinin dilindən süzülən, duyğulara toxunan misralarını oxucuların ixtiyarına verir. 

1

ZİRVƏ

 

Başını bir qaldır yuxarı göz at,
zirvə ən hündürmü, yox, belə deyil;
Əl-qolun açıqsa, dağ dibində də
burnuna ucalıq qoxusu dəyir…

Durduğun hər yerə bax diqqətlicə,
ümid qanadıdı səni uçuran;
Endinsə, qondunsa hərgah bir qəlbə,
demək ki, zirvəyə qalxmısan, inan…

Quruca sözlərdən yapışıb qalma,
nə hiss var onlarda, nə də həyəcan…
Harda vardırsa bir xatirən, izin,
sanma ki, orada sən yoxsan, ey can…

Gözündən gələn su ürək odundan,
həyat kimlər üçün oyun-hənəkdi…
Dayan, zirvələrə yol axtarma çox,
əsas öz yerini zirvə bilməkdi…

2

GÜLÜMSƏ

 

İşığı zəifdi kiçik damların,
qəmliysən, yenə bu hala gülümsə.
Axırı sönməksə bütün şamların,
dəymişə sevinib kala gülümsə…

Bir budaq sınırsa üstündə yuva,
bir izi başqa iz hərgah örtürsə,
Gur-gur guruldayan səslər batıb da
göz açıb yumunca gələn gedirsə,
Sağa bir salam ver, sola gülümsə…

Günlər bizimkidi qaralı, ağlı,
bu dağıq, dərəyik;
demə ki, nəyik-
İstər yavan olaq, istərsə yağlı,
torpağın ağzında dadlı tikəyik,
Əlində nəyin var, ona gülümsə…

30.04.2025

3

***

Götür-qoylu dünya; ağlı götürüb,
bir dəli sərxoşluq qoyub getmisən.
Kim kimin yerini doldura bilər,
yerində bir boşluq qoyub getmisən…

Baxır ayaqlarım sən gedən yola,
o sərt yoxuşları dizim sevirdi…
Ürəyin hayana getdi sinəndən,
üzün niyə mənə arxa çevirdi…

Köksümdə göynəkli bir söz eşilir,
gözləri eynəkli kədərəm indi…
Piyada ha çırpıb ayaqlarımı,
çapıram kor atı köndələn indi…

Yadımda bir ad var, o sənin adın,
bu odlar yalandı, od sənin odun!..
Məni dinləməkdən həzz almazsan ki,
səsiyəm könlümdə inləyən udun…

4

***

Od niyə özünü yandırır, axı,
bəzən elə yanır qalmır külü də…
Deyirsən, İlahi, bir dərdimi var,
nə üçün alışır bu ocaq belə?

Alovu səngimir, dil çıxarıbdı,
bu odun düşdüyü oda bax, oda;
Bu odu necə bir od götürübsə,
yanar lap suların ortasında da…

Olur, qarşılaşır bir soyuqluqla,
üstünü örtməyə tapmır közü kül…
Gözünün suyunu car eləmədən
indi gəl, bu odun
odunu söndür!

5

***

Göz yaşıyla doldurmusan ovcunu;
əl içində yanıq yeri qalar, sən
Zənn etmə ki, iki çeşmə gözündü,
yaş axıdan ürəyindi, biləsən…

Baxar, baxar həsrətlərin boyuna,
gözümüzün suya dönər atəşi…
Düşünürəm bəzən qəmli anlarda
iki dərdli qoynumuzda birləşir…

Bir ağrıdan, bir acıdan sel gəlir,
hey ağrıdan, hey acıdan göz yaşı…
Gözün gözə düşməsə də işığı,
gözün gözə verdiyi can göz yaşı…

 

Mənbə: Şakir Xanhüseynli

Mənbə: Odlar.media