🌐 Keçmişin izi, gələcəyin sözü
12 İyul 2026, saat 12:50   •   🌡️ Bakı

“Şahmaran” rok müzikli Musiqili Teatrın repertuarına daxil edilir

Odlar.media xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Şərqin ən qədim və sirli əfsanələrindən biri əsasında hazırlanan “Şahmaran” rok müziklinin qapalı baxışı keçirilib. Tamaşa nümayişdən sonra yüksək qiymətləndirilərək teatrın daimi repertuarına daxil edilməsi barədə qərar qəbul olunub.
Qapalı nümayişdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Mədəniyyət Nazirliyinin Bədii siyasət şöbəsinin Səhnə sənəti sektorunun müdiri Böyükxanım Talıbova, eləcə də Xalq artisti, rejissor Cahangir Novruzov və digər mədəniyyət xadimləri iştirak ediblər.
Səhnə əsəri bilik, mərhəmət, sədaqət və fədakarlığın rəmzi sayılan ilanlar kraliçası Şahmaran haqqında qədim Şərq əfsanəsi əsasında hazırlanıb. Tamaşada sirli yeraltı aləmə düşən gəncin taleyi fonunda etibar və xəyanət, sevgi, mənəvi seçim və fədakarlıq kimi dəyərlər dramatik süjet xətti ilə təqdim olunur.
Nümayiş zamanı tamaşanın müasir rejissor yozumu, rok musiqisinin səhnə həlli ilə vəhdəti, orijinal bədii tərtibatı, dinamik səhnə quruluşu və aktyorların canlı ifası iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Tamaşadan sonra yaradıcı heyətlə geniş müzakirələr aparılıb, səsləndirilən rəy və təkliflər dinlənilib.
Müzakirələrin yekununda “Şahmaran” rok müziklinin Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarına daxil edilməsi barədə qərar verilib.
Tamaşanın libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Quruluşçu rəssam Vüsal Rəhim, xormeyster Məlahət Qasımova, rejissor köməkçisi isə Elməddin Dadaşovdur.
Səhnə plastikası üzərində Xalq rəssamı Pərviz Məmmədrzayev və Zaur Əliyev çalışıblar.
Baş rolları Xalq artistləri Pərviz Məmmədrzayev və Aydan Həsənova, eləcə də Emrah Dadaşov, Səmədzadə Xasıyev, Hüseyn Əlili və Murad Fərzəliyev ifa edirlər. Tamaşada teatrın xor və balet truppasının iştirakı da səhnə həllinə dinamika və emosional zənginlik qatır.

 

Odlar.media