Odlar.media xəbər verir ki, Qazaxıstanın Kostanay vilayətinin Auliekol rayonunda Neolit dövrünə aid üç məzar aşkarlanıb. Alimlər tapıntının ölkədə Daş dövrü arxeologiyasının öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıdığını bildirirlər.
Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin məlumatına görə, Əhməd Baytursınov adına Kostanay Regional Universitetinin təşkil etdiyi ekspedisiya zamanı qədim yaşayış məskənlərinin döşəmələrinin altında bir uşaq və iki yetkin insana aid dəfn yeri müəyyən edilib. Mütəxəssislər qeyd edirlər ki, bu cür tapıntılar Neolit dövrünə aid arxeoloji abidələr arasında olduqca nadir hesab olunur.
Arxeoloqların sözlərinə görə, qazıntılar zamanı adətən daş və sümük alətləri, keramika qalıqları və müxtəlif bəzək əşyaları aşkar edilir. Yaşayış məskənlərinin döşəmələrinin altından məzarların tapılması isə həmin ərazilərin elmi dəyərini daha da artırır.
İlkin araşdırmalar aşkar olunan məzarların Neolit dövrünə aid olduğunu göstərir.
Ekspedisiyaya Arxeoloji Laboratoriyanın müdiri Andrey Loqvin rəhbərlik edir. Tədqiqat Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin qrant dəstəyi ilə laboratoriya əməkdaşları, tarix ixtisası üzrə təhsil alan tələbələr və könüllülərin iştirakı ilə həyata keçirilir.
Alimlər tapıntılar üzərində antropoloji müayinələr, radiokarbon tarixləndirməsi və digər laborator analizlərin aparılmasını planlaşdırırlar.
