Odlar.media xəbər verir ki, naharda hamburger və digər emal olunmuş ət məhsullarının müntəzəm istehlakı ürək-damar sistemi ilə yanaşı, beyin sağlamlığına da mənfi təsir göstərə bilər.
Bu barədə kardioloq Oleq Varfolomeyev Medicina.az-a açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, burgerlərin sağlamlıq üçün təhlükəli hesab edilməsinin əsas səbəblərindən biri tərkibindəki doymuş yağlar və yüksək duz miqdarı ilə yanaşı, trimetilamin N-oksid (TMAO) adlı maddənin yaranmasıdır.
“Ətdə olan karnitin bağırsaq bakteriyaları tərəfindən trimetilaminə çevrilir. Daha sonra qaraciyərdə bu maddə TMAO-ya oksidləşir. TMAO-nun yüksək səviyyəsi isə ürək tutması, insult və vaxtından əvvəl ölüm riskinin artması ilə əlaqələndirilir”, – deyə kardioloq bildirib.
Varfolomeyev qeyd edib ki, vetçina, bekon, kolbasa, salam, dilimlənmiş hinduşka və toyuq kimi emal olunmuş ət məhsulları sağlam nahar seçimi hesab edilmir.
Onun sözlərinə görə, 30 il ərzində 1,4 milyondan çox insanın məlumatlarının təhlil edildiyi 13 elmi araşdırmanın nəticələri göstərib ki, gündə əlavə hər 50 qram emal olunmuş ət istehlakı koronar ürək xəstəliyi riskini təxminən 18 faiz artırır.
Mütəxəssis vurğulayıb ki, emal olunmuş ətlərdə yüksək miqdarda duzun olması qan təzyiqini artırır, yüksək qan təzyiqi isə koronar ürək xəstəliyinin əsas risk amillərindən biridir.
Kardioloq əlavə edib ki, mövcud elmi sübutlar meyvə və tərəvəz istehlakının insult riskini azaltdığını göstərir. Buna görə də gündəlik qidalanmada tərəvəz və meyvələrə üstünlük verilməsi daha sağlam seçim hesab olunur.
