Odlar.media xəbər verir ki, tanınmış Azərbaycan əsilli sənətşünas, yazıçı və Sankt-Peterburq Yazıçılar İttifaqının üzvü İradə Berq (Vovnenko) 53 yaşında vəfat edib.
Bu barədə Sankt-Peterburq şəhərinin Mədəniyyət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“İradə Tofiq qızı Berqin (Vovnenko) vəfatı ilə bağlı ailəsinə, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı veririk. Onun xatirəsi həmkarlarının, dostlarının və yaradıcılığına dəyər verən hər kəsin qəlbində daim yaşayacaq”, – deyə məlumatda bildirilib.
Hazırda İradə Berqin ölüm səbəbi və vida mərasiminin keçiriləcəyi tarix barədə rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, İradə Berq 5 yanvar 1973-cü ildə Sankt-Peterburqda memar və riyaziyyatçı Tofiq Həsənovun ailəsində dünyaya gəlib. Onun atası Tofiq Həsənov çoxuşaqlı ailədə böyüyüb, valideynlərini erkən yaşlarında itirdikdən sonra uşaq evində tərbiyə alıb. Bakı Politexnik İnstitutunu bitirən Tofiq Həsənov daha sonra təhsilini Leninqradda (indiki Sankt-Peterburq) davam etdirib və burada ailə həyatı qurub.
