🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 00:16   •   🌡️ Bakı

Muğam ifaçısı Pərviz Qasımov bodibildinq üzrə dünya çempionu oldu

Odlar.media xəbər verir ki, Azərbaycanın tanınmış muğam ifaçısı və peşəkar bodibildinq idmançısı Pərviz Qasımov Portuqaliyada keçirilən bodibildinq üzrə Dünya Çempionatında böyük uğura imza atıb.
Məlumata görə, Pərviz Qasımov yarışın mütləq qalibi adına layiq görülərək dünya çempionu olub. O, eyni zamanda dünyanın ən ağır çəki dərəcəsində peşəkar idmançı statusunu təsdiqləyən “Pro Card” əldə edib.
Pərviz Qasımov bildirib ki, qazandığı bu nailiyyətin Azərbaycanın Portuqaliyada yeni səfirliyinin fəaliyyətə başladığı dövrə təsadüf etməsi onun üçün xüsusi əhəmiyyət daşıyır.
“Yaşasın Azərbaycan, yaşasın Azərbaycan idmanı! Cənab Prezidentə biz idmançılara göstərdiyi daimi diqqət və qayğıya görə təşəkkür edirəm. O, hər zaman bizə dəstəyini və səmimiyyətini əsirgəməyib”, – deyə dünya çempionu vurğulayıb.
Qeyd edək ki, Pərviz Qasımov Azərbaycan Televiziya Muğam Müsabiqəsinin və Beynəlxalq Muğam Müsabiqəsinin qaliblərindən biridir. O, musiqi sahəsində qazandığı uğurlarla yanaşı, idman sahəsində də beynəlxalq arenada ölkəmizi uğurla təmsil edir.