Odlar.media xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə Xızı rayonunda keçirilən şose velosipedi üzrə ölkə çempionatında qrup ötüşməsi yarışlarının qalibləri bəlli olub.
AzVİF-dən verilən məlumata görə, çətin dağ relyefi və yüksək rəqabət şəraitində baş tutan yarışlar dörd yaş kateqoriyası üzrə təşkil edilib.
Gənc oğlanlar arasında 96 kilometrlik məsafəyə keçirilən yarışda Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin təmsilçisi Nihad Xudoyev bütün rəqiblərini geridə qoyaraq ölkə çempionu adına layiq görülüb. Həmin məktəbin digər idmançısı Məryəm Hüseynova isə 17 yaşadək qızlar arasında 40 kilometrlik yarışın qalibi olaraq qızıl medala sahib çıxıb.
17 yaşadək oğlanların 70 kilometrlik yarışında “AE Cycling School” klubunun təmsilçisi Raul Mahmudov birinci yeri tutub. Elit/U-23 kişilər arasında 118 kilometrlik mübarizədə isə eyni klubun idmançısı Musa Mikayılzadə inamlı çıxışı ilə çempionluq sevinci yaşayıb.
Yarışın yekununda bütün ölkə çempionlarına medal və diplomlarla yanaşı, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən xüsusi çempion köynəkləri də təqdim olunub.
Gənc oğlanlar (96 km):
- Nihad Xudoyev (ROEQİUGVM)
- Çingiz İsayev (ROEQİUGVM)
- Rəhim Nağıyev (ROEQİUGVM)
Elit/U-23 kişilər (118 km):
- Musa Mikayılzadə (AE Cycling School)
- Nofəl Nuriyev (AE Cycling School)
- Əli Qurbanov (AE Cycling School)
U-17 qızlar (2010-2011, 40 km):
- Məryəm Hüseynova (ROEQİUGVM)
- Sevinc Sultanzadə (AE Cycling School)
- Marina Akimova (ROEQİUGVM)
U-17 oğlanlar (2010-2011, 70 km):
- Raul Mahmudov (AE Cycling School)
- İlkin Sadıqzadə (Təhsil)
- Əli Zeynalzadə (ROEQİUGVM)
Qeyd edək ki, ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) təqdim olunub. Əldə olunan nəticələr idmançıların və milli federasiyaların beynəlxalq reytinq cədvəllərində öz əksini tapacaq.
