🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:32   •   🌡️ Bakı

Azərbaycandakı yəhudi icmaları Knessetə müraciət etdi

Odlar.media xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən üç yəhudi icmasının rəhbərləri İsrail parlamentinin – Knesset üzvlərinə müraciət edərək qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı təşəbbüsə dəstək verməməyə çağırıblar.

Məlumata görə, Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Bakı Aşkenazi Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski və Bakı Seferad Yəhudiləri İcmasının sədri Zamir İsayev tərəfindən imzalanan müraciətdə bildirilib ki, sözügedən təşəbbüs Cənubi Qafqazda formalaşmaqda olan sülh və sabitlik prosesinə mənfi təsir göstərə bilər.

Müraciətdə vurğulanıb ki, Azərbaycanın yəhudi icması dünyanın ən qədim yəhudi diasporlarından biridir və əsrlər boyu yəhudilər Azərbaycan ərazisində sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində yaşayıblar. Sənəddə qeyd olunur ki, ölkədə yəhudilər öz dini etiqadlarını, milli kimliklərini və ənənələrini sərbəst şəkildə qoruyub saxlayıblar.

İcma rəhbərləri tərəfindən imzalanan müraciətdə Azərbaycanın yəhudi həyatının azad şəkildə inkişaf etdiyi, dövlət və cəmiyyət tərəfindən yəhudi icmasına hörmət və dəstəyin göstərildiyi nadir ölkələrdən biri olduğu xüsusi vurğulanıb.

Müraciət müəllifləri, həmçinin, son onilliklər ərzində Azərbaycan ilə İsrail arasında formalaşmış münasibətlərin strateji tərəfdaşlıq, qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslandığını qeyd ediblər. Onların fikrincə, bu əməkdaşlıq təkcə iki ölkə üçün deyil, həm də yəhudi dövləti ilə müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir ölkə arasında qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan uğurlu tərəfdaşlıq nümunəsidir.

Sənəddə təəssüflə qeyd olunub ki, İsrail hökuməti 111 il əvvəl baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınmasını dəstəkləməsi ilə bağlı qərar qəbul edib və məsələnin yaxın vaxtlarda Knessetin müzakirəsinə çıxarılması gözlənilir.

İcma rəhbərləri hesab edirlər ki, regionda uzun illər davam edən gərginlikdən sonra real sülh, sabitlik və mehriban qonşuluq münasibətlərinə ümidlərin yarandığı bir dövrdə belə bir təşəbbüsün gündəmə gətirilməsi xüsusi narahatlıq doğurur.

Müraciətdə vurğulanıb ki, üçüncü dövlətlərin bu kimi həssas tarixi məsələlərlə bağlı siyasi addımları sülh prosesini çətinləşdirə, xalqlar arasında barışıq, qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə xidmət etməyə bilər.

İcma rəhbərləri bildiriblər ki, mürəkkəb və həssas tarixi hadisələr siyasi qərarların deyil, tarixçilərin və mütəxəssislərin elmi araşdırmalarının mövzusu olmalıdır. Onların fikrincə, bu məsələlərin siyasiləşdirilməsi İsrailin səmimi dostları arasında lazımsız gərginlik yarada bilər.

Müraciətdə Azərbaycan yəhudi icmasının nümayəndələri olaraq şahidlik etdikləri qeyd olunub ki, Azərbaycan dövləti hər zaman öz yəhudi vətəndaşlarına hörmət və qayğı ilə yanaşıb, Azərbaycan-İsrail münasibətləri isə dostluq, etimad və qarşılıqlı dəstək prinsipləri əsasında inkişaf edib.

Bu səbəbdən onlar Knesset üzvlərinə müraciət edərək müdriklik və məsuliyyət nümayiş etdirməyə, qondarma “erməni soyqırımı”nın tanınması təşəbbüsünü dəstəkləməməyə çağırıblar.

Müraciətdə qeyd olunub ki, belə bir qərar nə İsrail dövlətinə fayda gətirəcək, nə də sülh və qarşılıqlı anlaşmaya xidmət edəcək. Əksinə, bu addım İsrailə hər zaman dost münasibəti bəsləyən insanların məyusluğuna səbəb ola bilər.

Sənədin sonunda müəlliflər Knesset üzvlərinin qərar qəbul edərkən tarixi məsuliyyət, dövlətçilik prinsipləri, eləcə də dost xalqlar və dövlətlərlə münasibətlərin qorunması və daha da möhkəmləndirilməsi amillərini əsas götürəcəklərinə ümid etdiklərini bildiriblər.