🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:33   •   🌡️ Bakı

Rusiyada benzinin qiyməti rekord həddə yüksəlib: Litri 3 manatı ötüb

Odlar.media xəbər verir ki, Rusiyada iri neft şirkətlərinə məxsus olmayan özəl yanacaqdoldurma məntəqələrində benzin rekord qiymətlərlə satışa çıxarılıb.
“Reuters” agentliyinin yaydığı məlumata görə, bəzi yanacaqdoldurma məntəqələrində benzinin bir litrinin qiyməti artıq 120-140 rubla yüksəlib ki, bu da təxminən 3 manata bərabərdir.
Məlumata əsasən, iki həftə əvvəl bəzi məntəqələrdə yanacağın qiyməti ilk dəfə 100 rubla yaxınlaşsa da, proqram təminatının üçrəqəmli qiymətləri göstərmək imkanının olmaması səbəbindən bu hədd rəsmən əks etdirilmirdi. Hazırda isə texniki dəyişikliklərdən sonra yanacaq 100 rubldan yuxarı qiymətlərlə satılır.
Bildirilib ki, Mərkəzi Federal Dairədə fəaliyyət göstərən bəzi özəl yanacaqdoldurma məntəqələrində Aİ-92 markalı benzinin bir litri 115 rubldan, Aİ-95 markalı benzinin bir litri isə təxminən 120 rubldan başlayır. Dizel yanacağının qiyməti isə 130-140 rubla qədər yüksəlib.
Məlumata görə, yanacaq çatışmazlığı iri neft şirkətlərinə məxsus yanacaqdoldurma məntəqələrinə də təsir göstərib. Həmin məntəqələrdə qiymətlər nisbətən aşağı qalsa da (Aİ-92 – 63-66 rubl, Aİ-95 – 70-73 rubl), yanacaq daxil olan kimi uzun növbələr yaranır və ehtiyatlar qısa müddətdə tükənir.
“Reuters” qeyd edir ki, topdansatış bazarında təklif mövcud tələbi qarşılaya bilmir. Bir çox sifarişlərin icrası gecikir, bəzi hallarda isə sifariş edilmiş yanacaq partiyalarının çatdırılması aylarla uzanır. Bu vəziyyət bazarda ciddi yanacaq qıtlığının yaranmasına səbəb olub.
Ekspertlərin hesablamalarına görə, topdansatış bazarında mövcud qiymət dinamikası davam edərsə, yaxın dövrdə pərakəndə satış qiymətlərinin daha da artacağı istisna edilmir.