🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:32   •   🌡️ Bakı

Gediş-gəliş biletlərini bir anda almaq mümkün olacaq

Odlar.media xəbər verir ki, Azərbaycan vətəndaşları üçün “biletim.az” tətbiqi və internet saytı üzərindən bilet əldə edərkən artıq gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet almaq imkanı yaradılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, indiyədək portal vasitəsilə yalnız bir istiqamət üzrə bilet əldə etmək mümkün idi. Yeni funksionallıq istifadəçilərə səfərlərini daha rahat planlaşdırmağa və bilet alış prosesini daha operativ həyata keçirməyə imkan verəcək.
Qeyd edilib ki, bundan əvvəl də portal istifadəçiləri üçün bir sıra yeniliklər tətbiq olunub. Belə ki, öncədən alınmış bilet üzrə seçilmiş oturacaq yerinin dəyişdirilməsi, həmçinin seçilmiş reysin çıxış vaxtının digər reyslə əvəz edilməsi funksiyası istifadəyə verilib.
Bununla yanaşı, portalda “myGov ID ilə giriş” funksionallığı da təmin edilib. Bu yenilik sayəsində istifadəçilər ilkin qeydiyyat zamanı ad, soyad, doğum tarixi və digər məlumatları ayrıca daxil etmədən sistemə sürətli və rahat şəkildə daxil ola bilirlər.
Hazırda “biletim.az” portalı vasitəsilə 58 məntəqə üzrə 94 istiqamətə bilet əldə etmək mümkündür. Sistemə ümumilikdə 370 reys və 418 nəqliyyat vasitəsi inteqrasiya olunub.