Odlar.media xəbər verir ki, müğənni Elşad Qarayev televiziya efirində səsləndirdiyi vəsiyyəti ilə gündəmə gəlib.
Sənətçi bildirib ki, doğma rayonuna hər səfərində vəfat edən qardaşlarının məzarlarını ziyarət edir və həyatın faniliyi barədə tez-tez düşünür. Onun sözlərinə görə, insan bu dünyadan elə bir iz qoyaraq getməlidir ki, hər zaman xeyirlə xatırlansın və ona rəhmət oxunsun.
Elşad Qarayev ailəsi ilə bağlı xatirələrini də bölüşərək atasının vəfatından sonra böyük qardaşı Manafın ailədə ata əvəzi olduğunu qeyd edib. O bildirib ki, səkkiz övladlı ailədə böyüyüblər və hazırda qardaşlarından dördü həyatdadır.
Müğənni vəsiyyəti ilə bağlı danışarkən qızı Rəvana və həyat yoldaşına onu vəfat etmiş qardaşlarının yanında dəfn etmələrini tapşırdığını açıqlayıb. Sənətçi valideynləri və bacısının kənd qəbiristanlığında dəfn olunduğunu xatırladaraq, özünün də qardaşlarının yanında uyumağı arzuladığını vurğulayıb.
İfaçının səmimi etirafları sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onun ailə dəyərlərinə verdiyi önəmi yüksək qiymətləndirib, digər istifadəçilər isə vəsiyyəti ilə bağlı fikirlərini bölüşərək müxtəlif müzakirələr aparıblar.
