Xalq artisti Yasin Qarayev — 80
Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələrindən olan Xalq artisti Yasin Qarayev uzun illər ərzində yaratdığı obrazlarla milli mədəniyyət tarixində özünəməxsus və silinməz yer tutmuş sənətkarlardandır. Onun adı çəkiləndə ilk növbədə səhnəyə bağlılıq, sənətə sədaqət və daxili intizam yada düşür. Qarayev elə aktyorlardandır ki, o, rollarını sadəcə ifa etmir, onları yaşayır; səhnəyə çıxanda obrazla özü arasında sərhəd demək olar ki, itir.
1946-cı ilin iyulunda, atasının vəfatından iki ay sonra dünyaya gələn Yasin Qarayev həyatın sərt üzünü erkən yaşda tanıyıb. Uşaqlığını “ürəkaçan” adlandırmır. Atasızlıq, çətinlik, məsuliyyət – bunlar onun ilk müəllimləri olub. Bəlkə də elə buna görə səhnədə oynadığı rollarda həmişə bir həqiqilik, bir ağrı çaları hiss olunub.
Erkən yaşlarından sözə, ədəbiyyata, canlı çıxışlara xüsusi maraq göstərib. Məktəbdə keçirilən tədbirlərdə şeirlər söyləməsi və səhnəciklərdə iştirakı onun gələcək taleyindən xəbər verirdi. Müəllimləri onun ifadə gücünü, səs tembrinin təsirini və emosional baxışlarını görüb onu teatr dərnəklərinə yönləndirmişdilər. Bu ilk təcrübələr onun sənət yolunun başlanğıcı oldu.
Orta təhsilini başa vurduqdan sonra anasının istəyi ilə əvvəlcə M. F. Axundov adına Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olur. Amma ürəyi başqa yerdə idi – səhnədə. Nəhayət, risk edib yolunu dəyişir. 1973-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyoru fakültəsini bitirən Yasin Qarayev yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayır.
Aktyor üçün bu teatr sadəcə iş yeri deyil, həyatının ayrılmaz bir hissəsi, “ikinci evi” olub. Sənət korifeyləri ilə çiyin-çiyinə çalışmaq Yasin Qarayevin aktyor kimi formalaşmasında mühüm rol oynayıb.
Onun yaradıcılıq yolunda xüsusi yer tutan şəxs isə ustad aktyor Hüseynağa Sadıqov olub. Böyük sənətkarın “Heç vaxt bu teatrı başqasına dəyişmə” nəsihəti Yasin Qarayevin həyat kredosuna çevrilib. O da müəlliminin sözlərinə sadiq qalaraq taleyini yalnız Gənc Tamaşaçılar Teatrı ilə bağlayıb.
Yasin Qarayev teatr səhnəsində bir-birindən fərqli və yaddaqalan obrazlar yaradıb: “Hacı Qəmbər”də Aşıq Vəli və Mahmud, “Komsomol poeması”nda Cəlal, “Unutmayın”da Volodya Kulikov, “Şəhərli oğlan”da Elşad, “Sağlıq olsun”da Əziz, “Gəl qohum olaq”da Qarakişi və “Tamahkar”da Qulu kimi rollar onun yaradıcılıq palitrasının rəngarəngliyini göstərir.
Eyni zamanda “Mahmud və Məryəm” və “Ölüm hökmü” tamaşalarında Azər və Əflətun, “Olmuş əhvalat”da Qələndərov, “Çimnaz xanım yuxudadır”da Qafar, “Nənənin kələyi”ndə Əmi, “Yaddaş ağrısı”nda Küren obrazlarını canlandıraraq həm dramatik, həm də komik ampluada öz ustalığını təsdiqləyib.
Aktyorun səhnə bioqrafiyasında “Hacı Qəmbər” tamaşası xüsusi yer tutur. Bu tamaşada o, əvvəlcə Kərim Həsənovun quruluşunda aşıq Vəli obrazını, daha sonra isə Ağakişi Kazımovun quruluşunda Mahmud rolunu canlandırıb. Ümumilikdə bu tamaşa dəfələrlə oynanılıb və Yasin Qarayevin aktyor yaddaşında silinməz iz qoyub. Hər xarakteri mənəvi dərinliklə canlandırmaq onun səhnə üslubunun əsas özəlliyidir.
Yasin Qarayev həm dramatik, həm də komediya obrazlarının öhdəsindən məharətlə gəlib. Teatrda dramatik rollardan komediyaya keçid İsi Məlikzadənin onun üçün qələmə aldığı Qarakişi obrazı ilə bağlı olub.
Yasin müəllim Qarakişi rolunu son dərəcə çılğın və emosional oynayırdı. Bəzən rola o qədər aludə olurdu ki, özündən getmək həddinə çatırdı. Aktyor bu məqamda Stanislavski təlimindəki “ölçü” prinsipini xatırlayır.
Konstantin Stanislavski sistemində “ölçü” anlayışı obrazın daxili həqiqiliyini qorumaqla yanaşı, səhnədə tarazlığı saxlamağı tələb edir.
Aktyor bu nəzəriyyəni xatırlayaraq oyun tərzini tənzimləyir və hər şey qaydasına düşür. Obraz əvvəlki enerjisini saxlayır, çılğınlıq isə yerini peşəkar ölçüyə verir.
Yasin Qarayev saysız televiziya tamaşasında müxtəlif obrazlar yaradıb. Onun həm teatr səhnəsində, həm də televiziya tamaşalarında ifa etdiyi komediya obrazları tamaşaçını yalnız güldürmür, həm də düşündürür. Çünki ən mənalı yumor sadəcə gülüş doğuran deyil, eyni zamanda düşündürən yumordur.
Aktyor bu barədə belə deyir: “İnsanları ağlatmağa nə var ki? Güldürmək daha da çətinləşib. Gərək tamaşaçının damarını tutasan. Ssenaristlərimiz elə bil ki, daha asan yola əl atırlar. Tamaşaçıya primitiv gülüş lazım deyil. Gülüş özü də insanı düşündürməlidir”.
Yasin Qarayevin sənətə verdiyi töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1991-ci ildə “Əməkdar artist”, 2006-cı ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb və Prezident fərdi təqaüdçüsü kimi də mükafatlandırılıb.
Yasin Qarayev üçün aktyorluq sadəcə peşə deyil, həyat tərzidir. O, hər yeni rolunda özünü yenidən tapmağa çalışır və bu prinsip gənc aktyorlar üçün də nümunəyə çevrilib.
Bu gün onun adı Azərbaycan teatr tarixində ehtiramla çəkilir. Onun yaratdığı obrazlar yalnız bir dövrün deyil, bütöv bir milli səhnə sənəti ənənəsinin ayrılmaz hissəsi kimi yaddaşlarda yaşayır. O, ömrünü səhnəyə həsr etmiş və sənəti həyatının mənasına çevirmiş sənətkarlardandır. Zaman dəyişsə də, həqiqi sənət nümunələri dəyərini itirmir və Yasin Qarayevin yaradıcılığı məhz bu qəbildəndir — zamana dirənən, yaddaşlarda yaşayan sənət.
Onun sənət yolunu və yaradıcılıq axtarışlarını ən yaxşı dəyərləndirənlər, şübhəsiz ki, illərdir eyni səhnəni və eyni qrim otağını paylaşdığı həmkarlarıdır. Teatr mühitində Yasin Qarayev haqqında səsləndirilən fikirlər aktyorun həm sənətkar, həm də insan kimi portretini daha dolğun şəkildə tamamlayır. Teatrın tanınmış simaları və sevimli həmkarları Xalq artisti barədə ürək sözlərini bölüşüblər.
İlk növbədə Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Yasin Qarayev haqqında ürək sözlərini Xalq artisti, Prezident mükafatçısı Naibə Allahverdiyeva səsləndirdi.

Yeri gəlmişkən, Naibə xanımı qızının ailə qurması münasibətilə, eyni zamanda Prezident mükafatına layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, ona yeni uğurlar, ailəsinə isə xoşbəxtlik və sevinc arzulayırıq.
Yasin müəllim Azərbaycan teatr sənətinin əvəzolunmaz və dəyərli simalarından biridir. O, illərdir səhnədə yaratdığı obrazlarla tamaşaçıların sevgisini qazanan, sənəti və şəxsiyyəti ilə seçilən sənətkarlardandır. Milli Gənc Tamaşaçılar Teatrının əsas sütunlarından biri olan Yasin müəllim teatrın inkişafında və sənət ənənələrinin yaşadılmasında mühüm rol oynayıb.
Onun sənəti göz önündədir. Dövlət tərəfindən verilən yüksək mükafatlar, tamaşaçı sevgisi və sənət cameəsinin hörməti Yasin müəllimin illər boyu göstərdiyi zəhmətin ən böyük göstəricisidir. Ancaq düşünürəm ki, insan üçün ən böyük qiymət xalqın sevgisini qazanmaqdır və Yasin müəllim də məhz bu sevgini qazanan sənətkarlardandır.
Gözəl aktyor olmaq mümkündür, amma gözəl insan və böyük şəxsiyyət olmaq hər kəsə nəsib olmur. Bu, doğrudan da Allah vergisidir. Yasin müəllim yalnız istedadlı aktyor deyil, həm də yüksək mənəviyyata sahib, qayğıkeş və səmimi bir insandır. O, hər zaman gənc aktyorlara dəstək olan, onlara yol göstərən, sənətin incəliklərini sevə-sevə öyrədən sənətkarlarımızdandır.
Onun haqqında o qədər xoş və dəyərli sözlər söyləmək olar ki, bəlkə də bir kitaba sığmaz. Mən Yasin müəllimi həm insan, həm də sənətkar kimi çox sevir və hörmət edirəm. Biz müxtəlif tamaşalarda tərəf müqabili olmuşuq və səhnədə onunla çalışmaq böyük zövqdür. Yasin müəllim çox şirin, çox təbii və tamaşaçını özünə cəlb etməyi bacaran aktyordur. Necə deyərlər, onun xüsusi cazibəsi və səhnə enerjisi var. Tamaşaçı ona baxanda obrazın səmimiyyətinə inanır.
Yasin müəllimin yaratdığı obrazlar uzun illər tamaşaçı yaddaşında yaşayacaq sənət nümunələridir. O, hər bir roluna böyük məsuliyyət və sevgi ilə yanaşır. Məhz buna görə də onun ifaları həmişə fərqlənir və yadda qalır.
Mən düşünürəm ki, belə sənətkarların qədrini sağlığında bilmək lazımdır. Yasin müəllim Azərbaycan teatrının canlı tarixidir. Ona möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram. Arzu edirəm ki, o, uzun illər Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində öz gözəl rolları ilə tamaşaçıları sevindirsin, sənət dostlarının, kolleqalarının və doğmalarının qürur mənbəyi olsun.
Yasin müəllimin gözəl ailəsinə də daim xoşbəxtlik arzulayıram. Çünki belə sənətkarların arxasında hər zaman güclü mənəvi dayaq və ailə sevgisi dayanır.
Ümumiyyətlə, Yasin müəllimin xətrini çox istəyirəm. Həm bir insan kimi, həm də böyük sənətkar kimi ona sonsuz hörmətim var.
Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, Prezident mükafatçısı, Zemfira Əbdülsəmid, Yasin Qarayevin böyük sənətkar olduğunu vurğulayır.

Onun çox böyük sənəti var və oynadığı hər bir obraz yadda qalır. İstər komediya, istər dram, tragikomediya, istər romantik janrda – hər sahədə Yasin Qarayev uğurludur. “Bu, onun istedadından, zəhmətkeşliyindən, teatrın dəyərini bilməsindən, teatra olan sevgisi və hörmətindən irəli gəlir. Onun müqəddəsliyini qoruyub saxlaması və bunu digər aktyorlara da göstərməsi onu fərqləndirir,” – deyə aktrisa qeyd edir.
Zemfira Əbdülsəmid Yasin Qarayevlə Milli Gənc Tamaşaçılar Teatrında bir neçə tamaşada tərəf müqabili olduğunu xatırlayır. “İstər komediya, istər dramatik janrda, o, o qədər rahatdır ki… Məsəlçün Kod Adı V.X.A tamaşasında, Mehriban Ələkbərzadənin quruluşunda Yasin Qarayev həbsxana rəisi obrazını oynayırdı. Orada bütün qadınlar və məhbuslar düzülür, o isə bir-bir baxa-baxa bütün cərgəni gəzir. Onun gözlərindəki nifrət və qəzəb o qədər güclüdür ki, obraz tamaşaçıya o qədər düzgün çatdırılır ki, biz onun baxışlarının altında əzilirik. Həqiqətən həmin an həbsxana rəisi qarşısında aciz qalırıq.”
Aktrisa illər öncə Yasin müəllimin oynadığı bir obrazı heç vaxt unutmadığını da deyir: “Düzdür, əsərin adı yadımda deyil, amma mənə elə gəlir ki, Mövlud Süleymanlının əsəri idi. Orada həyatın çətinliyindən keçmiş, əzilmiş insanın obrazını yaradırdı. Bir monoloq zamanı göz yaşları Yasin müəllimin gözlərindən süzülürdü. O səhnə indiyədək yaddaşımdadır. Hər bir obrazına həyat verməsi və rola düzgün yanaşması onun böyüklüyünü göstərir. Elə indinin özündə də belədir.”
Zemfira Əbdülsəmid həmçinin Yasin Qarayevin insani keyfiyyətlərini vurğulayır:
“Fuad bəy, Yasin müəllim həm də gözəl insandır, səxavətlidir. Qrim otağındakı qapısı həmişə hamıya açıqdır, hər kəsi bir stəkan çaya dəvət edir, şirin söhbət edir və hər zaman üzü gülür. Çox geniş qəlbli və sevimli insandır. Ona görə də biz onu həddindən artıq çox sevirik və dəyərləndiririk. Yasin müəllimə hörmətimiz yerdən göyə qədərdir. Ona cansağlığı, sənət uğurları və ailəsində əmin-amanlıq arzulayıram. Həmişə səhnədə onu görmək istəyirəm.”
Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist, Prezident mükafatçısı Gülər Nəbiyeva deyir ki, aktyor sənəti çox çətin bir sənətdir.

Obrazı duymaq, onu yaşamaq və yeni bir ruh vermək bacarığı xüsusi istedad tələb edir. Yasin müəllim məhz belə bir sənətkardır. Yaratdığı obrazlarla tamaşaçı rəğbəti qazanmış və tamaşaçıların sevimlisi olmuşdur.
“Mən Yasin müəllimi hələ orta məktəbdə oxuyarkən efirdən tanıyırdım. Həmişə komediya aləminə səyahət, bayram verilişləri və səhər görüşləri verilişindəki çıxışlarını maraqla izləyirdim. Qismət elə gətirdi ki, indi bir teatrda işləyirik və onun necə bir insan olduğunu, gənclərə hər zaman dəstək verdiyini də şahidi oldum,” – deyə Gülər Nəbiyeva əlavə edir.
“Mən Yasin müəllimə can sağlığı, xoş günlər və yaddaşlarda qalan obrazlarla birgə səhnədə çalışmağı arzulayıram,” – deyə aktrisa vurğulayır.

Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü
Prezident və Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Odlar.media
