🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Bakıda 2030-cu ilədək 10 yeni metro stansiyası tikiləcək – Birinci stansiyanın inşasına başlanılıb

Odlar.media xəbər verir ki, Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” layihələri çərçivəsində keçirilən ictimai müzakirədə paytaxtda metro infrastrukturunun genişləndirilməsi ilə bağlı mühüm məlumatlar açıqlayıb.
Onun sözlərinə görə, 2030-cu ilə qədər Bakı metrosunda 10 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bu stansiyalardan birinin – şərti olaraq “B-04” adlandırılan və keçmiş “Semaşko” xəstəxanasının arxasında yerləşəcək stansiyanın tikintisinə artıq start verilib.
Bəxtiyar Məmmədov bildirib ki, yeni stansiyada müasir yanaşmalar tətbiq olunacaq. Layihə çərçivəsində texniki təchizat işlərinə başlanılıb və sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə səviyyələrarası keçidlər üçün eskalatorlar, liftlər və xüsusi təyinatlı pilləkənlər quraşdırılacaq. O qeyd edib ki, bütün işlər mövcud normativ tələblərə uyğun və beynəlxalq standartlar əsasında həyata keçirilir.
Mətbuat katibi əlavə edib ki, hazırda daha 9 metro stansiyasının layihələndirilməsi üzrə işlər davam etdirilir. Onun sözlərinə görə, beynəlxalq standartlarla Azərbaycanda qüvvədə olan və sovet dövründən qalan bəzi normalar arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən də mövcud standartların yenidən işlənməsinə ehtiyac yaranıb.
“Bütün problemlərin əsas səbəblərindən biri məhz infrastruktur və standartlarla bağlıdır. Planlara əsasən, beş yeni stansiya bənövşəyi xətt, dörd stansiya isə yaşıl xətt üzrə tikiləcək və gələn ildən onların inşasına başlanılması nəzərdə tutulur”, – deyə Bəxtiyar Məmmədov vurğulayıb.