Odlar.media xəbər verir ki, Böyük Britaniyanın Ədliyyə Nazirliyi 7 mindən çox cinayət qurbanına məktub göndərərək, onların işi üzrə məhkum edilmiş şəxslərin həbsxanalardakı həddindən artıq sıxlıq səbəbindən qarşıdakı aylarda vaxtından əvvəl azadlığa buraxıla biləcəyi barədə məlumat verib.
Bu barədə Britaniyanın məşhur nəşri olan Daily Mail məlumat yayıb.
Məlumata görə, “yumşaq ədalət” tədbirləri çərçivəsində həyata keçiriləcək erkən azadlığa buraxılmaların məqsədi ölkə həbsxanalarında yer çatışmazlığı problemini aradan qaldırmaqdır. İlk mərhələnin bu il sentyabrın 2-dən başlanacağı, əvvəlcə 18 aydan az müddətə azadlıqdan məhrum edilmiş şəxslərin, sonrakı mərhələlərdə isə daha ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin azadlığa buraxılacağı bildirilir.
Qəzetin yazdığına görə, 12 ildən artıq müddətə azadlıqdan məhrum edilmiş şəxslərin erkən azadlığa buraxılması prosesinin isə 2027-ci ilin iyun ayından etibarən başlaması gözlənilir.
Böyük Britaniya hökuməti bu qərarı həbsxanaların həddindən artıq doluluğu ilə mübarizə tədbirləri ilə əsaslandırır. Rəsmi məlumatlara əsasən, ölkədə 14 min yeni həbsxana yerinin yaradılması və əlavə personalın işə cəlb olunması istiqamətində tədbirlər həyata keçirilir.
Xatırladaq ki, bu ilin yanvar ayında The Sun Britaniya hakimiyyətinin ötən ilin əvvəlində həbsxanalardakı sıxlıq səbəbindən 48 min 900 məhbusu vaxtından əvvəl azad etdiyini yazmışdı. Məlumata görə, fövqəladə proqram çərçivəsində məhbuslar cəzalarının təxminən 40 faizini çəkdikdən sonra sərbəst buraxılıblar.
