🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 00:17   •   🌡️ Bakı

Xatirələrdə yaşayanlar

“Xatirələrdə Yaşayanlar” foto-sərgisi Azərbaycan idmanının şərəfli tarixini yazmış idmançıların, məşqçilərin və idman xadimlərinin xatirəsinə ehtiramın ifadəsidir.

Bu sərgidə yer alan simalardan biri də mənim üçün təkcə idmançı, güləşçi və idman təşkilatçısı deyil, həm də bütöv bir məktəb olan Cavanşir Qurbanovdur. Mənim Azərbaycan idmanının ağsaqqallarını, ustadlarını və canlı tarixlərini tanımağımın böyük hissəsi onun adı ilə bağlıdır.

Cavanşir əmim məni öz müəllimi, Azərbaycanın ilk azərbaycanlı dünya çempionu Aydın İbrahimovla tanış etmişdi. Sonralar Aydın müəllim haqqında hazırladığım “Canlı tarix” filmi də yaradıcılıq yolumun ən qiymətli işlərindən birinə çevrildi. Belə insanların söhbətini dinləmək, onların həyat yolunu lentə almaq və gələcək nəsillərə çatdırmaq mənim üçün böyük xoşbəxtlik olub.

Bu gün Cavanşir əmim aramızda olmasa da, onun adı yaşayır. Böyük insanlar torpağa tapşırılandan sonra yox olmurlar. Onlar Vətən torpağını daha da qiymətli edirlər. Sağlıqlarında ayaq basdıqları torpağa dəyər qatdıqları kimi, dünyalarını dəyişəndən sonra da həmin torpağın mənəvi sərvətinə çevrilirlər. Cavanşir əmim də belə insanlardan idi. O, təkcə bir insan deyildi, bir məktəb, bir yol, bir örnək idi.

İnanıram ki, “Cavanşir İdman Klubu” da bu yolu davam etdirəcək, Azərbaycan idmanının əfsanələrini, ağsaqqallarını və ustadlarını yeni nəsillərə tanıtmaq missiyasını uğurla həyata keçirəcək.

Cəlal Qurbanov haqqında son vaxtlar müxtəlif söz-söhbətlər eşidirəm. Açığı, o yazıları sonuna qədər oxumağa ürəyim gəlmir. İnsanların qəlbini qırmaq, böhtan atmaq, yalan danışmaq asandır. Amma insanın kim olduğunu onu yaxından tanıyanlar daha yaxşı bilir.

Mən Cəlalı tanıyıram. Mən onun şəhid ailələrinə, şəhid övladlarına necə sahib çıxdığının şahidi olmuşam. Bəzən insan öz övladına göstərdiyi diqqəti başqalarına göstərə bilmir. Amma mən onun şəhid övladlarına göstərdiyi qayğının, sevginin və diqqətin evlərində şahidi olmuşam.

Dağlılarda əziz bildikləri kişiyə “Atam” deyə müraciət etmək adəti var. Mən də Cəlala təsadüfən “Atam” demirəm. Çünki o, bu gün təkcə öz ailəsinin yox, artıq öz nəslinin, ətrafındakı insanların, şəhid övladlarının və ona ümid bağlayan insanların da mənəvi dayağına çevrilib. Elə bil Cavanşir əmim daşıdığı atalıq missiyasının böyük hissəsini ona əmanət edib gedib.

Allah yolunu açıq etsin, Atam. Xalqın içində olasan, xalqın sözünü deyəsən, xalqın sevgisini qazanasan. Onsuz da sən bu xalqın içindən çıxmış, xalqın dərdi ilə yaşayan adamlardansan.

Ruhun şad olsun, Cavanşir əmim. Sən bu gün də təkcə xatirələrdə deyil, insanların qəlbində yaşayırsan…

Yazı  Günay Novruzun feyusbuk səhifəsindən götürülüb

 Odlar.media