Odlar.media xəbər verir ki, investisiya platformasında valyuta alqı-satqısı adı altında vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə təqsirləndirilən Nizami Alışan barəsində çıxarılmış hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Məlumata görə, Bakı Apellyasiya Məhkəməsi Nizami Alışanın vəkilləri tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizami Alışan 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
İttihama əsasən, Nizami Alışan investisiya fəaliyyəti və valyuta əməliyyatlarından gəlir əldə etmək vədi ilə Babək Məmmədzadənin 1 milyon 300 min ABŞ dollarını, Zeynal Usubovun 945 min ABŞ dollarını və Yadigar İsrafilovun 200 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirib. Beləliklə, zərərçəkmişlərə dəymiş ümumi maddi ziyanın məbləği 2 milyon 445 min ABŞ dolları təşkil edib.
Bildirilir ki, cinayət əməli Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. İstintaq zamanı zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə üzləşdirilərək ifadələr veriblər.
Məlumata görə, zərərçəkmişlərdən biri “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. Digər zərərçəkmiş Zeynal Usubov isə əvvəllər prokurorluq orqanlarında çalışıb və Nərimanov rayon prokurorunun müavini vəzifəsini tutub.
Qeyd edək ki, Nizami Alışan Azərbaycan Televiziyasının keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun atası, mərhum Akif Alışanov isə müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışıb. Nizami Alışanın ailə əlaqələri sırasında müğənni Elariz Məmmədoğlunun kürəkəni olması da qeyd edilir.
