Odlar.media xəbər verir ki, Qazaxıstan aviasiya yanacağının idxalının şaxələndirilməsi məqsədilə Azərbaycan, Çin və Türkmənistanla danışıqlar aparır.
Bu barədə Qazaxıstanın energetika naziri Yerlan Aqqenjenov yerli mediaya açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, hazırda aviasiya yanacağının tədarükü ilə bağlı təkcə qonşu dövlətlərlə deyil, həm də uzaq xarici ölkələrlə əməkdaşlıq imkanları nəzərdən keçirilir.
O qeyd edib ki, Qazaxıstanın özəl şirkətləri artıq xaricdən 3 min ton həcmində Jet A-1 markalı aviasiya yanacağı idxal edib. Bildirilib ki, həmin yanacaqla artıq ilk aviareysə xidmət göstərilib. Yanacağın təyyarələrə doldurulması prosesini ölkənin milli operatoru olan “KazMunayGaz-Aero” şirkəti həyata keçirib.
Yerlan Aqqenjenov Türkmənistanla əməkdaşlıq perspektivlərinə də toxunaraq bildirib ki, bu ölkədə aviasiya yanacağı birja vasitəsilə açıq satışa çıxarılır. Onun sözlərinə görə, Qazaxıstan şirkətlərinin həmin hərraclarda iştirakı satışa təqdim olunan yanacağın həcmindən asılı olacaq.
Qazaxıstan Milli Statistika Bürosunun məlumatına əsasən, ölkədə aviasiya yanacağının istehsalı son 13 ilin ən yüksək səviyyəsinə çatıb. Belə ki, 2026-cı ilin may ayında ölkədə 96,4 min ton aviasiya yanacağı istehsal olunub.
Qeyd edək ki, hazırda Qazaxıstanın əsas aviasiya yanacağı tədarükçüsü Rusiya hesab olunur. Rusiya tərəfi iyun ayından etibarən aviasiya kerosininin ixracına məhdudiyyət tətbiq etsə də, Qazaxıstana tədarükün istisna qaydasında davam etdiriləcəyi bildirilib. Bununla belə, Astana alternativ tədarük mənbələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
