🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Kondisionerə alternativ: Mütəxəssislər yay üçün daha sərfəli cihazı tövsiyə edirlər

Odlar.media xəbər verir ki, yay aylarında havaların kəskin istiləşməsi fonunda bir çox insan kondisionerə alternativ həll yolları axtarır. Mütəxəssislər isə yüksək qiyməti və quraşdırılma çətinlikləri səbəbindən hər ev üçün əlçatan olmayan kondisionerlərə alternativ olaraq hava soyuducularını tövsiyə edirlər.
Xarici media mənbələrinin məlumatına görə, hava soyuducuları işləmə prinsipi baxımından ventilyator və kondisioner arasında yer alır. Bu cihazlar daxilindəki su çənindən istifadə etməklə havanı müəyyən dərəcədə soyudur və istifadəçiyə daha rahat mühit yaradır.
Su vasitəsilə sərin hava yaradır
Adi ventilyator otaqdakı isti havanı yalnız dövr etdirirsə, hava soyuducusu suyun buxarlanması prinsipindən istifadə edərək havanı nisbətən sərinləşdirir. Cihazın rezervuarına soyuq su əlavə edilir, bəzi modellərdə isə əlavə soyuducu elementlərdən istifadə imkanı da mövcuddur.
Hava nəm filtrlərdən keçərək soyuyur və daha sonra ventilyator vasitəsilə otağa ötürülür. Mütəxəssislərin fikrincə, bu üsulla yaranan hava axını adi ventilyatorla müqayisədə daha sərin və komfortlu hiss olunur.
Kondisioneri tam əvəz edə bilmir
Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, hava soyuducuları kondisionerlər qədər güclü soyutma imkanına malik deyil. Bu cihazlar otağın ümumi temperaturunu əhəmiyyətli dərəcədə aşağı salmasa da, istifadəçinin olduğu ərazidə sərinlik hissi yaradaraq isti havanın təsirini azaltmağa kömək edir.
Qeyd olunur ki, bəzi modellər qış aylarında qızdırıcı funksiyasını da yerinə yetirə bildiyi üçün ilboyu istifadə üçün uyğun hesab edilir.
Əsas üstünlüyü münasib qiymətidir
Hava soyuducularının ən böyük üstünlüklərindən biri onların münasib qiymətə təklif olunmasıdır. Portativ kondisionerlərlə müqayisədə bu cihazlar daha ucuzdur, quraşdırma tələb etmir, xüsusi hava çıxış sisteminə ehtiyac duymur və daha az elektrik enerjisi sərf edir.
Mütəxəssislər bildirirlər ki, yüksək səviyyədə soyutma gözləyən istifadəçilər üçün hava soyuducuları ideal seçim olmaya bilər. Lakin yay aylarında büdcəyə uyğun, qənaətcil və praktik həll axtaranlar üçün bu cihazlar ən əlverişli alternativlərdən biri hesab olunur.