Odlar.media xəbər verir ki, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə açıqlanan statistik göstəricilər Azərbaycanın hərbi və təhlükəsizlik sistemində qadınların iştirakının son illərdə əhəmiyyətli dərəcədə artdığını göstərir.
Məlumata görə, qadınlar hazırda yalnız tibb və inzibati sahələrdə deyil, həm də zabit, gizir, polis əməkdaşı, dövlət qulluqçusu və rəhbər vəzifələrdə fəaliyyət göstərirlər.
Ən çox qadın əməkdaşın çalışdığı qurumlardan biri Müdafiə Nazirliyidir. Nazirliyin məlumatına əsasən, Azərbaycan Ordusunda 329 nəfər qadın zabit və gizir, 1602 nəfər müddətdən artıq həqiqi hərbi xidmət keçən qadın hərbi qulluqçu xidmət edir. Bundan əlavə, Silahlı Qüvvələrdə 10 min 218 qadın mülki işçi çalışır. Rəhbər vəzifələrdə isə 4 qadın hərbi qulluqçu və 2 qadın mülki əməkdaş təmsil olunur.
Daxili İşlər Nazirliyində xidmət edən əməkdaşların 12 faizini, yəni 4 min 134 nəfərini qadınlar təşkil edir. Rəhbər vəzifələrdə çalışan qadın əməkdaşların sayı 64 nəfərdir. Bildirilib ki, 2025-ci ildə DİN-də çalışan qadınların sayı əvvəlki illə müqayisədə 2,3 faiz artıb. Həmin il xidmətə qəbul edilən 2 min 406 nəfərdən 115-i qadın olub.
Polis Akademiyasında da qadınların təmsilçiliyi artmaqdadır. Belə ki, 2020-2025-ci illərdə akademiyaya qəbul olunan 3 min 267 nəfərdən 24-ü qadın olub. Təkcə 2025-ci ildə qəbul edilən qadınların sayında əvvəlki illərlə müqayisədə artım qeydə alınıb.
Dövlət Təhlükəsizliyi Xidmətində qadınların hərbi xidmətə və işə qəbulu, həmçinin məsul vəzifələrə irəli çəkilməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda DTX əməkdaşlarının 22 faizini qadınlar təşkil edir. Onlardan 38 nəfəri rəhbər vəzifələrdə çalışır. Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə bu göstərici 34 nəfər olub.
Dövlət Sərhəd Xidmətində 2025-ci ildə ümumi işçi heyətinin 13 faizini qadınlar təşkil edib. Rəhbər vəzifələrdə çalışanların isə 1,52 faizi qadınlardan ibarət olub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində isə ümumi heyətin 32 faizini qadınlar təşkil edir. Rəhbər vəzifələrdə çalışanların 3 faizi qadın əməkdaşlardır.
Rəsmi statistik göstəricilər göstərir ki, qadınların Azərbaycanın hərbi və təhlükəsizlik sistemində təmsilçiliyi ildən-ilə genişlənir və onlar ölkənin müdafiə və təhlükəsizlik sahəsində mühüm rol oynayırlar.
