Odlar.media xəbər verir ki, Yunanıstanın “Action24” televiziya kanalında yayımlanan təhlildə ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə Türkiyənin F-16 və F-35 döyüş təyyarələri əldə etmə prosesinin sürətlənə biləcəyi iddia olunub.
Məlumata görə, yunan analitik Donald Tramp administrasiyasının Türkiyəyə F-16 qırıcılarının satışına mane olmayacağını, həmçinin gələn il F-35 döyüş təyyarələrinin də Ankaraya təhvil verilməsinin mümkün olduğunu bildirib.
Analitikin fikrincə, bu proses Yunanıstan üçün ciddi strateji və hərbi təzyiqlər yarada bilər. Təhlildə qeyd olunub ki, Türkiyənin son dövrlərdə əldə etdiyi diplomatik və hərbi uğurlar fonunda Afina rəhbərliyi mürəkkəb geosiyasi vəziyyətlə üzləşib.
Bununla yanaşı, materialda Yunanıstanın xarici siyasətinin gözlənilən nəticələri vermədiyi, eləcə də Yunan-Amerika lobbisinin ölkənin maraqlarını lazımi səviyyədə müdafiə edə bilmədiyi etiraf olunub.
Yunan analitik vurğulayıb ki, regionda qüvvələr balansı Ankarada keçirilməsi planlaşdırılan mühüm görüşlərdən sonra Türkiyənin xeyrinə daha da dəyişə bilər. Bununla belə, səsləndirilən fikirlərin analitik qiymətləndirmə xarakteri daşıdığı qeyd olunur.
