Odlar.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyunun 27-28-də Bakıda, Abşeron yarımadasında və ölkənin bir sıra bölgələrində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq elan edib.
Qurumun məlumatına əsasən, Bakı və Abşeron yarımadası ilə yanaşı, Mingəçevir, Gəncə, Ağstafa, Qazax, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Salyan, Şirvan, Şabran, Xızı və Qobustan rayonlarında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürətinin 20,8-28,4 m/saniyəyədək güclənəcəyi gözlənilir.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlıq qüvvədə olacaq. Həmin ərazilərdə şimal-qərb küləyinin sürətinin 13,9-20,7 m/saniyə arasında dəyişəcəyi proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidməti əhaliyə güclü küləkli hava şəraiti ilə əlaqədar ehtiyatlı olmağı, təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edib.
