Odlar.media xəbər verir ki, kökün qida liflərinin tərkibində olan polifenollar insan ömrünün uzanmasına kömək edə və yaşla bağlı dəyişikliklərin sürətini azalda bilər.
Bu qənaətə tədqiqat nəticələri “Food & Function” elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər.
Təcrübələr qocalma proseslərinin öyrənilməsində geniş istifadə olunan model orqanizmlərdən biri olan “Caenorhabditis elegans” nematodları üzərində aparılıb. Tədqiqatçılar kök sellülozasından xüsusi polifenol birləşmələrini ayıraraq onları laboratoriya şəraitində qurdların yaşadığı mühitə əlavə ediblər. Nəticədə, eksperimentdə iştirak edən canlıların orta ömür uzunluğu 25,6 faiz artıb.
Araşdırma zamanı həmçinin qurdların hərəkət qabiliyyətinin yaxşılaşdığı, hüceyrələrin qocalması ilə əlaqəli olan lipofussin piqmentinin toplanmasının azaldığı və orqanizmdə piy qatlarının əridiyi müəyyən edilib.
Alimlərin apardığı analizlər göstərib ki, bu birləşmələr orqanizmin stresə reaksiyasını və uzunömürlülüyü tənzimləyən siqnal mexanizmlərinə təsir göstərir. Eyni zamanda, onlar enerji resurslarından daha səmərəli istifadəni təmin etməklə maddələr mübadiləsinin nizamlanmasına kömək edir.
Tədqiqat müəlliflərinin sözlərinə görə, araşdırmanın əsas diqqətçəkən tərəfi kökün özü deyil, məhz onun qida lifləri ilə bağlı olan polifenol birləşmələridir. Qeyd olunur ki, bu maddələrin lifə bağlı formaları indiyədək sərbəst polifenollarla müqayisədə daha az öyrənilib.
Alimlər hesab edirlər ki, qida lifləri ilə əlaqəli polifenollar gələcəkdə sağlam qocalma strategiyalarının hazırlanmasında mühüm və hazırda yetərincə qiymətləndirilməyən vasitələrdən birinə çevrilə bilər.
