Odlar.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri və müxtəlif bölgələrdə keçirilən növbəti əməliyyat tədbirləri zamanı külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblər qanunsuz dövriyyədən çıxarılıb.
DİN-dən verilən məlumata görə, əməliyyatlar nəticəsində 37 yaşlı Müzadil Məmmədov, 35 yaşlı Kamran Məmmədov, 40 yaşlı Xanım Qardaşova, 43 yaşlı Rövşən Nəsirov, 42 yaşlı Fərid Nəzərov, 26 yaşlı Orxan Abbasov, 27 yaşlı Eyyub Məmmədov, 43 yaşlı Abdulla Məmmədov və 36 yaşlı Museyib Həsənov saxlanılıblar.
Həmin şəxslərdən ümumilikdə 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, həşiş, eləcə də yüksək təsir gücünə malik kokain, 2087 ədəd psixotrop tərkibli metadon və ekstazi həbi, elektron tərəzilər, həmçinin narkotik vasitələrin satışından əldə olunduğu ehtimal edilən 55 min 270 manat pul vəsaiti aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xarici narkotik alverçilərinin göstərişləri əsasında ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilində iştirak ediblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
