🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Alimlər pişiklərin etibarını qazanmağın effektiv üsulunu açıqlayıblar

Odlar.media xəbər verir ki, alimlər pişiklərlə ünsiyyət qurmağın və onların etibarını qazanmağın ən sadə yollarından birinin yavaş-yavaş göz qırpmaq olduğunu müəyyən ediblər.
“ScienceAlert” nəşrinin məlumatına görə, aparılan araşdırmalar pişiklərin gözlərini qıyaraq və asta şəkildə göz qırpan insanlara daha müsbət reaksiya verdiyini ortaya çıxarıb.
Mütəxəssislər bildirirlər ki, burada söhbət insan təbəssümündən deyil, “pişik təbəssümü” kimi tanınan xüsusi mimikadan gedir. Bu davranış adətən rahat vəziyyətdə olan pişiklərdə müşahidə olunur və yarımqapalı gözlər, eləcə də yavaş gözqırpma hərəkətləri ilə xarakterizə edilir.
Sasseks Universitetinin psixoloqu Karen Makkombun sözlərinə görə, tədqiqatın nəticələri insanların pişiklərlə bu üsulla qarşılıqlı əlaqə qura bildiyini təsdiqləyib. O qeyd edib ki, bir çox ev heyvanı sahibləri uzun illərdir belə bir ünsiyyət formasının mövcudluğunu ehtimal edirdilər.
Araşdırmanın ilk mərhələsində 14 ailəyə məxsus 21 pişik müşahidə olunub. Sahiblərdən heyvanlar onlara baxarkən yavaş-yavaş göz qırpmaları istənilib. Nəticələr göstərib ki, pişiklər passiv davranışla müqayisədə bu jestə daha çox eyni şəkildə cavab veriblər.
İkinci eksperimentdə isə səkkiz ailədən 24 pişik iştirak edib. Bu dəfə heyvanlarla əvvəllər təması olmayan tədqiqatçılar ünsiyyət qurublar. Müşahidələr zamanı pişiklərin yavaş gözqırpma jestindən və uzadılmış əldən sonra insanlara daha çox yaxınlaşdığı müəyyən edilib.
Karen Makkomb bildirib ki, bu nəticələr yavaş gözqırpmanın pişiklərlə insanlar arasında ünsiyyətdə mühüm rol oynadığını eksperimental şəkildə təsdiqləyən ilk elmi araşdırmadır.
Tədqiqat müəlliflərinin fikrincə, bu cür qarşılıqlı davranış insan və heyvan arasındakı əlaqələrin möhkəmlənməsinə kömək edə bilər. Eyni zamanda, metodun baytarlıq klinikalarında və heyvan sığınacaqlarında pişiklərin rifahının qiymətləndirilməsi üçün də faydalı ola biləcəyi vurğulanır.
Qeyd edək ki, son illərin elmi araşdırmaları pişiklərin əvvəllər hesab ediləndən daha inkişaf etmiş sosial və koqnitiv qabiliyyətlərə malik olduğunu göstərir. Mütəxəssislər bildirirlər ki, onlar öz adlarını tanıya, insanların münasibətinə reaksiya verə və sahibləri ilə güclü emosional bağ yarada bilirlər.