Odlar.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə Azərbaycanın İƏT-in ardıcıl dəstəyini hər zaman hiss etdiyini bildirib.
Dövlət başçısı qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı təxminən 30 il davam edən təcavüzü dövründə, eləcə də postmüharibə mərhələsində prinsipial mövqe sərgiləyib. Onun sözlərinə görə, təşkilat işğalı qətiyyətlə pisləyən, Azərbaycanın haqlı mövqeyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini alqışlayan çoxsaylı qətnamə və bəyanatlar qəbul edib.
Prezident İlham Əliyev çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT çərçivəsində fəaliyyət göstərən Təmas Qrupunun rolunu da xüsusi vurğulayıb.
“Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT çərçivəsində Təmas Qrupunun fəaliyyətini xüsusilə vurğulamaq istərdim. Biz qardaş ölkələrin bu münasibətini yüksək qiymətləndiririk”, – deyə dövlət başçısı bildirib.
