Odlar.media xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) Azərbaycan futbolunda ilk dəfə tətbiq edilən yeni təşviq mexanizmi çərçivəsində Premyer Liqa klublarına bonus ödənişlərini həyata keçirib.
AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Misli Premyer Liqasında çıxış edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üçün ödənilən rüsumlar hesabına formalaşan bonus fondu Premyer Liqa təmsilçiləri arasında bölüşdürülüb.
Bonus vəsaitlərinin bölgüsü yerli futbolçuların mövsüm ərzində meydanda keçirdiyi dəqiqələr əsasında aparılıb. PFL tərəfindən bütün mövsüm boyu müvafiq hesablamalar həyata keçirilib, göstəricilər təhlil olunub və yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi meyarlara uyğun müəyyənləşdirilib.
İcraiyyə Komitəsinin qərarında bonus fondunun minimum həcmi 1 milyon manat nəzərdə tutulsa da, PFL tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat vəsait köçürülüb.
Yekun bölgünün nəticələrinə əsasən, ilk sırada “Qəbələ” klubu qərarlaşıb. Daha əvvəl açıqlanmış qaydalara uyğun olaraq, klub hesablanmış məbləğə əlavə 50 min manat xüsusi bonus da qazanıb.
Klublara ayrılan vəsaitlərin məbləği və bölgünün detalları təqdim olunan cədvəldə əks olunub.
PFL-dən bildirilib ki, ilk dəfə tətbiq olunan bu təşviq mexanizmi klubların maliyyə dayanıqlığının gücləndirilməsinə, yeni mövsüm üçün büdcələrinin formalaşdırılmasına, yerli futbolçuların inkişafının təşviqinə və Azərbaycan futbolunun davamlı inkişafına mühüm töhfə verməlidir.
