Odlar.media xəbər verir ki, son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyərək əhəmiyyətli inkişaf mərhələsi keçib.
Bu barədə XI Azərbaycan Beynəlxalq Sığorta Forumu – 2026 çərçivəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri məlumat verib.
Onun sözlərinə görə, əldə olunan nəticələr dövlətin müəyyən etdiyi strateji hədəflər, Azərbaycan Respublikası Mərkəzi Bankının həyata keçirdiyi islahatlar və bazar iştirakçılarının birgə fəaliyyəti sayəsində mümkün olub.
“Son 4 ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb. Bütün bu nailiyyətlər sevindirici olsa da, qarşıda bizi daha böyük imkanlar gözləyir. Azərbaycanda sığorta penetrasiyasının artırılması üçün geniş potensial mövcuddur və məqsədimiz bu potensialı tam reallaşdırmaqdır”, – deyə Ülviyyə Cabbarova bildirib.
O vurğulayıb ki, sığorta sektorunun əsas məqsədi yalnız bazarın həcmini artırmaq deyil, həm də sığortanın insanların gündəlik həyatında daha mühüm yer tutmasını təmin etməkdir.
Müşahidə Şurasının sədri qeyd edib ki, müasir dövrdə risklərin artması və gözləntilərin dəyişməsi sığortanın rolunu daha da gücləndirir. Onun fikrincə, sığorta artıq yalnız zərərin ödənilməsi mexanizmi deyil, həm də insanların maliyyə təhlükəsizliyinin təmin olunmasına, ailələrin rifahının qorunmasına və bizneslərin dayanıqlığının artırılmasına xidmət edir.
Ülviyyə Cabbarova əlavə edib ki, təbii fəlakətlərin intensivləşməsi, kiberrisklərin genişlənməsi və əhalinin yaşlanması kimi qlobal tendensiyalar sığorta sektorunun qarşısında yeni çağırışlar yaradır. Bu isə innovativ məhsulların hazırlanmasını, rəqəmsal həllərin genişləndirilməsini və müştəri yönümlü yanaşmanın gücləndirilməsini zəruri edir.
O həmçinin bildirib ki, “2027–2030-cu illər üzrə Maliyyə İnklüzivliyinin Genişləndirilməsi Dövlət Proqramı” çərçivəsində sığorta xidmətlərinin əlçatanlığının artırılması, könüllü sığortaların inkişafı və maliyyə xidmətlərindən istifadənin genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.
Qeyd olunub ki, sözügedən dövlət proqramı sığorta bazarının gələcək inkişafı üçün mühüm yol xəritəsi rolunu oynayacaq və sektorun növbəti inkişaf mərhələsinə təkan verəcək.
