🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:48   •   🌡️ Bakı

WSJ: Kreml Belarusu Ukrayna və NATO-ya qarşı daha aktiv rol almağa sövq edir

Odlar.media xəbər verir ki, ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşri Kremlin Belarus üzərində iqtisadi və siyasi təsir imkanlarından istifadə edərək rəsmi Minski Ukraynaya qarşı müharibədə və NATO-ya təzyiq siyasətində daha fəal iştirak etməyə təşviq etdiyini yazıb.
Nəşrin məlumatına görə, Moskvanın əsas məqsədlərindən biri Belarus ərazisinin Ukraynaya qarşı hərbi əməliyyatlarda, o cümlədən pilotsuz uçuş aparatlarının istifadəsində daha geniş şəkildə cəlb olunmasıdır.
Məqalədə qeyd olunur ki, Kreml həmçinin Ukraynanı şimal sərhədində əhəmiyyətli hərbi qüvvə saxlamağa məcbur etməklə, onun digər cəbhələrdəki resurslarını zəiflətməyə çalışır.
Bundan başqa, Rusiya ilə Belarus arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi, birgə təlimlərin sayının artırılması və Belarus ərazisində Rusiya hərbi qüvvələrinin yerləşdirilməsinin Moskvanın prioritetləri sırasında olduğu bildirilir.
Nəşr vurğulayır ki, Belarusun hərbi fəallığının artırılması NATO-nun şərq cinahında yerləşən ölkələrə əlavə təzyiq göstərilməsi məqsədi də daşıyır.
Bununla yanaşı, “The Wall Street Journal” hazırda Belarus ərazisindən Ukraynaya qarşı yeni genişmiqyaslı hücumun hazırlandığını göstərən konkret əlamətlərin müşahidə olunmadığını qeyd edib. Məqalədə daha çox Belarusun mərhələli şəkildə Rusiya hərbi strategiyasına inteqrasiyası və Moskvanın regional siyasətində təzyiq aləti kimi istifadə olunması ehtimalının ön plana çıxdığı vurğulanır.