🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:48   •   🌡️ Bakı

ADY Bakı–Tiflis marşrutu üzrə bilet satış müddətini 90 günə çatdıracaq

Odlar.media xəbər verir ki, Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Tiflis–Bakı marşrutu üzrə qatarlarda aktiv bilet satışı müddətinin hazırkı 30 gündən 90 günə qədər artırılmasını planlaşdırır.
Bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov məlumat verib.
Onun sözlərinə görə, biletlərin satışı həm ADY-nin rəsmi internet səhifəsi və “ADY Mobile” tətbiqi, həm də dəmiryol kassaları vasitəsilə tam şəffaf şəkildə həyata keçirilir.
Azər Fərəcov bildirib ki, 2024-cü ilin noyabr ayından tətbiq edilən dinamik qiymət siyasətinə əsasən, sərnişinlər biletləri 25-30 gün əvvəl əldə etdikdə daha sərfəli qiymətlərdən yararlana bilirlər. Bu yanaşma həm vətəndaşların səfərlərini əvvəlcədən planlaşdırmasına, həm də tələbatın daha dəqiq proqnozlaşdırılmasına imkan yaradır.
Qeyd olunub ki, hazırda bilet satışı 30 günlük dövrü əhatə edir və hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır. Əvvəllər satış prosesi saat 00:30-dan sonra aktivləşdirilsə də, sistemdəki yüklənmə nəzərə alınaraq biletlərin satışa çıxarılması artıq müxtəlif saatlarda həyata keçirilir.
ADY rəsmisi vurğulayıb ki, Bakı–Tiflis–Bakı marşrutu üzrə tələbat hazırda çox yüksəkdir və biletlər satışa təqdim olunduqdan qısa müddət sonra tükənir. Bu səbəbdən sərnişinlərə səyahət tarixlərinə uyğun biletləri mütəmadi olaraq yoxlamaq tövsiyə edilir.
Məlumata görə, sərnişin axınının artması nəzərə alınaraq iyunun 11-dən etibarən marşrut üzrə qatarlara əlavə vaqonlar qoşulub və satışa yeni biletlər təqdim edilib. Buna baxmayaraq, həm Azərbaycandan Gürcüstana, həm də Gürcüstandan Azərbaycana olan reyslər üzrə biletlər qısa müddətdə satılıb.
ADY-də hesab edirlər ki, Gürcüstandan Azərbaycana qatar biletlərinə yüksək tələbatın əsas səbəblərindən biri mövcud qaydalara əsasən xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk edə bilməsi, ölkəyə girişin isə yalnız hava və dəmir yolu nəqliyyatı vasitəsilə mümkün olmasıdır.
Qurum yüksək tələbatı nəzərə alaraq, Bakı–Tiflis–Bakı istiqamətində aktiv bilet satışı müddətinin 90 günə qədər uzadılması mexanizmini yaxın günlərdə tətbiq etməyi planlaşdırır.