Odlar.media xəbər verir ki, İsveçrənin Bürgenştok şəhərində keçirilən dördtərəfli məsləhətləşmələrin yekununda İran və ABŞ arasında danışıqların davam etdirilməsi məqsədilə dörd işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Press TV telekanalına açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, yaradılacaq işçi qrupları tərəflər arasında əsas fikir ayrılıqlarının aradan qaldırılması və gələcək əməkdaşlıq mexanizmlərinin hazırlanması istiqamətində fəaliyyət göstərəcək.
Qəribabadi bildirib ki, qruplar sanksiyaların ləğvi, İranın nüvə proqramının tənzimlənməsi, ölkənin bərpası və iqtisadi inkişafı, həmçinin monitorinq məsələləri üzrə iş aparacaqlar.
İranlı diplomat vurğulayıb ki, bu mexanizmlər tərəflər arasında əldə olunmuş ilkin razılaşmaların icrasını təmin etməyə və danışıqlar prosesinin davamlılığını qorumağa xidmət edəcək.
Qeyd edək ki, Bürgenştokda keçirilən görüşlərdə İran və ABŞ nümayəndələri ilə yanaşı, vasitəçi qismində digər tərəflərin təmsilçiləri də iştirak ediblər. Məsləhətləşmələrin əsas məqsədi regionda gərginliyin azaldılması və tərəflər arasında qarşılıqlı etimadın gücləndirilməsi olub.
