🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Mətbəxdə gigiyena xəbərdarlığı: bu əşyaları vaxtında dəyişmək vacibdir

Odlar.media xəbər verir ki, mətbəxdə istifadə olunan bəzi əşyaların mütəmadi şəkildə dəyişdirilməməsi sağlamlıq baxımından risk yarada bilər. Mütəxəssislər gigiyena və qida təhlükəsizliyi üçün müəyyən mətbəx vasitələrinin istifadə müddətinə diqqət yetirməyi tövsiyə edirlər.
Məlumata görə, xüsusilə mətbəx süngərləri bakteriya və qida qalıqlarını asanlıqla özündə toplayır və təxminən hər 2 həftədən bir dəyişdirilməlidir. Mətbəx bezləri isə mütəmadi yuyulmalı və təxminən 3 aydan bir yenilənməlidir.
Kəsmə taxtaları materialına görə fərqli müddətlərdə istifadə olunur: plastik taxtalar bir neçə ayda bir, bambu taxtalar isə ildə 1–2 dəfə dəyişdirilməlidir. Taxta qaşıq və digər mətbəx avadanlıqları isə çat əmələ gəldiyi andan etibarən istifadədən çıxarılmalıdır.
Yapışmaz tavalar örtüyü zədələndikdə, cızıldıqda və ya yapışdırmama xüsusiyyətini itirdikdə dəyişdirilməlidir. Plastik saxlama qabları isə qoxu saxladıqda, deformasiya olduqda və ya mikro çatlar yarandıqda istifadəyə yararsız hesab olunur.
Fırça və ovma süngərlərinin də təxminən 3 ayda bir yenilənməsi tövsiyə edilir. Mütəxəssislər bildirirlər ki, köhnəlmiş mətbəx əşyaları bakteriya və kif üçün əlverişli mühit yaradır, həmçinin qida təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Bundan başqa, mətbəx gigiyenası üçün qida artıqlarının uzun müddət saxlanmaması, taxta məhsulların düzgün qurudulması və mətbəx dəsmallarının mütəmadi yuyulması da vacib hesab olunur.