Odlar.media xəbər verir ki, aparılan təhlillər Sumqayıt şəhərindən olan abituriyentlərin ali təhsil müəssisələrinə qəbul göstəricilərində digər böyük şəhərlərə nisbətən üstün mövqe tutduğunu göstərir.
Məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində yer alan göstəricilərə istinadən bildirilib.
Qeyd olunur ki, Sumqayıtdan imtahanlarda iştirak edən 2759 oğlan abituriyentin 44,26 faizi, 2720 qız abituriyentin isə 49,85 faizi ali məktəblərə qəbul olunub. Müqayisə üçün, respublika üzrə orta göstərici oğlanlarda 37,03 faiz, qızlarda isə 41,91 faiz təşkil edib.
Dövlət sifarişi üzrə qəbul nəticələrində də Sumqayıtın üstünlüyü müşahidə olunub. Şəhərdən olan oğlan abituriyentlərin 27,87 faizi, qız abituriyentlərin isə 29,74 faizi dövlət büdcəsi hesabına maliyyələşən plan yerlərinə qəbul edilib.
Qeyd edək ki, bu göstəricilər Sumqayıtın digər böyük şəhərlərlə müqayisədə ali təhsilə qəbul sahəsində daha yüksək nəticələr əldə etdiyini ortaya qoyur.
