Odlar.media xəbər verir ki, Mətbuat Şurasının sədri Rəşad Məcid ölkəmizdə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi ilə bağlı fikirlərini bölüşərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Onun sözlərinə görə, açılış mərasimi yaddaqalan, yığcam və eyni zamanda məzmunlu hazırlanıb. Rəqslərlə, monitorlarda nümayiş etdirilən vizual kompozisiyalarla zənginləşdirilən proqramın əsasını dörd ünsür – su, od, hava və torpağın orijinal təqdimatı təşkil edib. Rəşad Məcid qeyd edib ki, tədbirin ssenarisi və rejissor işi peşəkar səviyyədə hazırlanmışdı. Qız qalası, Alov qüllələri və digər milli rəmzlərin maketlərinin səhnə ətrafında nümayiş etdirilməsi isə açılış mərasiminə xüsusi rəng qatıb.
Mətbuat Şurasının sədri tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirən elm və təhsil naziri Emin Əmrullayevin paylaşımına da toxunaraq, nazirin 2000-dən çox məktəblinin iştirak etdiyi bu olimpiadanın idman mədəniyyətinin inkişafı, sağlam həyat tərzinin təşviqi və yeni istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıdığı barədə fikirlərini tam dəstəklədiyini bildirib.
Rəşad Məcid çıxışı zamanı diqqətini çəkən mühüm məqama da toxunub. O qeyd edib ki, açılış mərasimində olimpiadada iştirak edən rayon və şəhərlərin nümayəndələri səhnədən keçərkən hər bölgədən neçə məktəbli-idmançının iştirak etdiyi elan olunurdu. Məhz həmin statistik göstəricilər bəzi bölgələrdə idmana marağın yüksək, bəzi rayonlarda isə olduqca zəif olduğunu açıq şəkildə ortaya qoyurdu.
Onun sözlərinə görə, bəzi rayonlardan kifayət qədər idmançının iştirak etməsinə baxmayaraq, bəzi bölgələrdən ya çox az sayda məktəbli qatılmışdı, ya da ümumiyyətlə həmin rayonların adı səslənmirdi. Bu isə regionlarda məktəblilər arasında idmanın təşviqi istiqamətində görülən işlər arasında ciddi fərqlərin mövcudluğunu göstərir.
Rəşad Məcid hesab edir ki, ilk dəfə təşkil olunan belə genişmiqyaslı olimpiada təqdirəlayiq təşəbbüsdür. Bununla yanaşı, o, bu cür yarışların daha əvvəl keçirilməsinin vacibliyini də vurğulayıb. Onun fikrincə, bəzi bölgələrdə məktəblilərin idmana cəlb olunmasının zəif olması narahatlıq doğurur və bu istiqamətdə ciddi tədbirlər görülməlidir.
Mətbuat Şurasının sədri bildirib ki, bu gün uşaqların sosial şəbəkələrin mənfi təsirlərindən qorunması, onların asudə vaxtlarının səmərəli təşkili, təhsilə və mütaliəyə marağının artırılması ilə bağlı tez-tez danışılır. Eyni zamanda, uzun illərdir idmanın və sağlam həyat tərzinin təbliği də dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Respublikanın demək olar ki, bütün bölgələrində müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərdiyi halda, bəzi rayonlarda məktəblilər arasında idmana marağın istənilən səviyyədə olmaması düşündürücü məqam kimi qiymətləndirilib.
Rəşad Məcid vurğulayıb ki, yerli icra hakimiyyətləri, təhsil və idman sahəsinə cavabdeh qurumlar bu statistikanı ciddi təhlil etməli, məktəblilərin idmana cəlb olunması istiqamətində daha sistemli və məqsədyönlü addımlar atmalıdırlar. Onun fikrincə, açılış mərasimində səsləndirilən rəqəmlər aidiyyəti qurumlar üçün ciddi mesaj və nəticə çıxarmaq baxımından mühüm göstəricidir.
Hazırladı: Fuad Biləsuvarlı
Mənbə: Odlar.media

