Odlar.media xəbər verir ki, ali məktəblərə qəbul imtahanının nəticələri açıqlanıb. İmtahanın hər iki mərhələsinin cəminə əsasən III ixtisas qrupu üzrə ən yüksək nəticəni — 690 balı Sumqayıt şəhəri 12 saylı orta məktəbin məzunu Hüseynzadə Fidan İlham qızı əldə edib.
O, imtahanın birinci mərhələsində 293.8, ikinci mərhələsində isə 396.2 bal toplayaraq ümumilikdə maksimum nəticə göstərib.
Məlumata görə, abituriyent gələcəkdə hüquqşünas olmağı planlaşdırır. O, nəticələri barədə danışarkən yüksək bal gözlədiyini, lakin ölkə birincisi olacağını tam olaraq proqnozlaşdırmadığını bildirib.
Fidan qeyd edib ki, hazırlıq prosesinə IX sinifdən başlayıb. Onun sözlərinə görə, həmin dövrə qədər məktəb dərsləri kifayət edib və oxumağa xüsusi diqqət yetirib. O, həmçinin hazırlıq dövrünə qədər şəxsi telefonundan az istifadə etdiyini, dərsdən sonra isə əsasən kitab oxumağa üstünlük verdiyini vurğulayıb.
Abituriyent gələcək planları arasında hüquq sahəsində ixtisaslaşma, magistratura təhsili almaq və ölkəsini peşəkar kadr kimi təmsil etməyi göstərib. Uğurunun əsas səbəbi kimi isə müəllimlərinin dəstəyini və sistemli hazırlığını qeyd edib.
