🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:33   •   🌡️ Bakı

AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını sürətləndirməyə çağırıblar

Odlar.media xəbər verir ki, Brüsseldə keçirilən Avropa Birliyi sammitinin yekununda qəbul edilən bəyanatda üzv ölkələrin liderləri 2030-cu ilədək Avropanın müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Bəyanatda bildirilib ki, mövcud ciddi təhlükəsizlik çağırışları və Ukraynaya qarşı davam edən müharibənin Avropa Birliyi üçün strateji əhəmiyyət daşıması fonunda, 2030-cu ilə qədər Avropanın hərbi hazırlığının qətiyyətlə artırılması zəruridir.
AB liderləri hərbi imkanlardakı kritik çatışmazlıqların aradan qaldırılmasını sürətləndirməyə, strateji asılılıqların azaldılmasına və daha əvvəl qəbul edilmiş müdafiə təşəbbüslərinin icrasının intensivləşdirilməsinə çağırıblar.
Sənəddə, həmçinin Avropa Birliyinin quru, hava və dəniz sərhədlərinin müdafiəsinin gücləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Sammitin yekun bəyanatında NATO-nun Avropa Birliyinə üzv dövlətlər üçün kollektiv müdafiənin əsas dayağı olaraq qalmağa davam etdiyi bir daha təsdiqlənib.