🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Cəlal Qurbanov: “Bu, mənim son xəbərdarlığımdır” – Məhkəmə qərarlarından sonra sərt açıqlama

 

Odlar.media xəbər verir ki, nəğməkar şair Cəlal Qurbanov sosial şəbəkə hesabında geniş və sərt məzmunlu “son xəbərdarlıq” başlıqlı açıqlama yayıb.
O, son dörd il ərzində özü, ailəsi və fəaliyyəti ilə bağlı aparıldığını iddia etdiyi qarayaxma kampaniyaları, sifarişli yazılar və böhtanlara səbir etdiyini bildirib. Qurbanov qeyd edib ki, bu prosesdə xüsusilə şəhid ailələrinin adının hallandırılması onun üçün “qırmızı xətt” olub və buna susmağın mümkün olmadığını vurğulayıb.
Cəlal Qurbanov açıqlamasında özü və ailəsinə qarşı səsləndirilən iddialarla bağlı hüquqi addım atıldığını, fakt və sübutlarla məhkəməyə müraciət olunduğunu bildirib. Onun sözlərinə görə, Xətai Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərarlar ədalətin gec-tez bərqərar olduğunu göstərir.
O, Azərbaycan məhkəmə sisteminə inamını ifadə edərək, prosesə baxan hakimlərə də təşəkkür edib.
Xidmət fəaliyyəti və ictimai mövqeyi
Qurbanov 20 ildən artıq dövlət qulluğunda çalışdığını, gömrük xidməti polkovniki rütbəsinə qədər yüksəldiyini, III, II və I dərəcəli “Qüsursuz xidmətə görə” döş nişanları ilə təltif olunduğunu və Prezident təqaüdçüsü olduğunu xatırladıb. O, 2023-cü ildə öz ərizəsi ilə xidmətdən ayrıldığını və şəhid ailələri ilə bağlı fəaliyyətini daha önə çəkdiyini bildirib.
Hazırda “Mənim Oğlum Qəhrəmandır!” və “Mənim Atam Qəhrəmandır!” layihələrində könüllü kimi fəaliyyət göstərdiyini qeyd edən Qurbanov bu işi həyatının əsas missiyası adlandırıb.
Açıqlamada o, bəzi media və sosial şəbəkə aktorlarını onu hədəf alan sifarişli yazılar təşkil etməkdə ittiham edib. Qurbanov iddia edir ki, bu proseslərdə məqsəd onun nüfuzuna zərbə vurmaqdır.
O həmçinin bəzi qurumların mətbuat xidmətlərini tənqid edərək, onların vəzifə səlahiyyətlərini düzgün icra etmədiklərini iddia edib və sualların cavabsız qaldığını bildirib.
Cəlal Qurbanov xüsusilə vurğulayıb ki, şəhid ailələrinin, şəhid analarının və şəhid övladlarının adının hər hansı qarşıdurma və kampaniyalara daxil edilməsi yolverilməzdir. Onun sözlərinə görə, bu məsələ onun üçün “toxunulmaz xətt”dir.
O, açıqlamasının sonunda bu proseslərin davam edəcəyi təqdirdə daha sərt addımlar atacağını və müvafiq şəxslərin adlarını və faktları ictimaiyyətə təqdim edə biləcəyini bildirib.
Qurbanov bildirib ki, susqunluğu zəiflik deyil, dəyərlər və məsuliyyət hissi ilə bağlıdır və hər zaman qanuna, ədalətə və dövlətə inandığını qeyd edib.

Mənbə: Odlar.media