Odlar.media xəbər verir ki, bu gün səhər saatlarında Moskva və ətraf ərazilər genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalıb.
Rusiya mətbuatının yaydığı məlumata görə, hücum zamanı Moskvanın Kapotnya rayonunda yerləşən neft emalı zavoduna zərbələr endirilib. Nəticədə müəssisənin ELOU AVT-6 ilkin neft emalı qurğusunda yanğın baş verib.
Bildirilir ki, Kremlin təxminən 15 kilometrliyində yerləşən zavodun illik neft emalı gücü 11-12 milyon ton təşkil edir. Müəssisə Moskvanın yanacaq tələbatının üçdə birindən çoxunu qarşılayır, paytaxtın hava limanlarını aviasiya yanacağı ilə təmin edir və 30-a yaxın məhsul növü istehsal edir.
Moskva meri Sergey Sobyanin bildirib ki, səhər saatlarından etibarən paytaxt səmasında 60-dan çox pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Hücumlar fonunda Moskva vilayətinin Pavlovski Posad, Ramenskoye və Jukovski şəhərlərində hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Hadisənin nəticələri və dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam etdirilir.
