Bu
Odlar.media xəbər verir ki, tanınmış vəkil Fərhad Mehdiyev avtomobil qəzasında həyatını itirən qızı Zəhranın ölümü ilə bağlı sosial şəbəkədə duyğusal paylaşım edib.
Vəkil övlad itkisi ilə üzləşməyin ağır ağrısından bəhs edərək, qızının faciəvi ölümünün səbəblərinə də toxunub.
Onun sözlərinə görə, qəzanın əsas səbəblərindən biri Bakı–Sumqayıt sürət yolunun sol zolağında dayanmış nasaz avtomobil olub. Fərhad Mehdiyev bildirib ki, həmin nəqliyyat vasitəsinin sağ zolağı da digər avtomobillərlə dolu olduğundan motosiklet sürən qızının təhlükədən yayınmaq imkanı olmayıb.
Vəkil paylaşımında motosiklet idarə etməyin də faciəyə təsir göstərdiyini vurğulayıb. O qeyd edib ki, qızı motosiklet əvəzinə minik avtomobili idarə etsəydi, eyni qəzada sağ qalmaq ehtimalı daha yüksək olardı.
“Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır”, – deyə Fərhad Mehdiyev yazıb.
O, hazırda qızı ilə son anlarını yaşadığını bildirərək, onunla vidalaşmağa tələsmədiyini qeyd edib.
Paylaşımının sonunda vəkil yaxınlara qarşı göstərilən diqqətsizlik və laqeydliyin bəzən ağır nəticələrə səbəb olduğunu vurğulayaraq, qızına olan sevgisini ifadə edib.
Qeyd edək ki, Zəhra Mehdiyeva motosiklet qəzası nəticəsində həyatını itirib.
