Odlar.media xəbər verir ki, britaniyalı müğənni Bonni Tayler bir aydan artıq davam edən süni komadan ayılıb.
“20minutos” nəşrinin yaydığı məlumata görə, sənətçi şiddətli qarın ağrıları səbəbindən Portuqaliyanın Faro şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Müayinələr zamanı bağırsaq perforasiyası və appendiksin partlaması aşkarlanıb və həkimlər ona təcili əməliyyat həyata keçiriblər.
Məlumata əsasən, cərrahi müdaxilədən sonra bərpa prosesinin daha effektiv aparılması məqsədilə müğənni süni komaya salınıb. Daha əvvəl həkimlərin onu komadan ayıltmaq cəhdləri zamanı ürəyinin dayandığı, lakin reanimasiya tədbirləri nəticəsində həyatının xilas edildiyi bildirilir.
Hazırda Bonni Taylerin komandası ifaçının süni komadan ayıldığını təsdiqləyib. Bununla belə, onun vəziyyətinin hələ də çox ağır olduğu və intensiv terapiya şöbəsində müalicəsinin davam etdiyi qeyd olunub.
Qeyd edək ki, Bonni Taylerin əsl adı Geynor Hopkinsdir. O, 1951-ci ilin iyun ayında Böyük Britaniyada anadan olub. Müğənninin peşəkar musiqi karyerası 1976-cı ildə yayımlanan “Lost In France” mahnısı ilə başlayıb.
Bonni Tayler xüsusilə 1980–1990-cı illərdə dünya miqyasında böyük şöhrət qazanıb. Onun “Total Eclipse of the Heart” və “Holding Out for a Hero” kimi hitləri milyonlarla dinləyicinin rəğbətini qazanaraq musiqi tarixinin ən məşhur mahnıları sırasında yer alıb.
Sənətçi 2013-cü ildə “Believe In Me” mahnısı ilə Böyük Britaniyanı “Avroviziya” Mahnı Müsabiqəsində təmsil edib.
