Odlar.media xəbər verir ki, Rusiya Kanada tərəfindən tətbiq olunan sanksiyalara cavab olaraq bu ölkənin 103 vətəndaşının Rusiya Federasiyasına girişini daimi əsasda qadağan edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda məlumat verilib. Bildirilib ki, qərar Kanada hökumətinin Rusiyaya qarşı sanksiya siyasətinə cavab tədbiri kimi qəbul olunub.
Rusiya XİN-in açıqlamasında qeyd olunub ki, qadağa siyahısına daxil edilən şəxslər əsasən Kanada parlamentində Rusiyanın konstitusiya quruluşu və xarici siyasət kursunun tənqidində iştirak edən, həmçinin Rusiya dövlət aktivlərinin müsadirəsi təşəbbüslərini dəstəkləyən şəxslərdir.
Məhdudiyyət tətbiq olunanlar arasında Kanada Senatının 19 üzvü, Nazirlər Kabinetində təmsil olunan İcmalar Palatasının 11 üzvü, o cümlədən energetika və təbii sərvətlər naziri Tim Hocson, məşğulluq və ailə məsələləri naziri Petti Haydu, Kanada Milli Müdafiə Qərargahının rəisi Cenni Karinyan, Kanadanın Rusiya və Ukraynadakı sabiq səfiri Kris Uestdal, həmçinin “United Nations Watch” qeyri-hökumət təşkilatının rəhbəri Hillel Neuer də yer alıb.
Bundan başqa, siyahıya 5 dövlət katibi, 5 parlament katibi və portfelsiz fəaliyyət göstərən 60 deputat daxil edilib.
Qeyd edək ki, Kanada bundan əvvəl Rusiyaya qarşı sanksiyalar paketini genişləndirərək 7 fiziki şəxs və 34 hüquqi şəxsi məhdudiyyətlər siyahısına əlavə etmişdi. Bu addım Moskvanın yeni cavab tədbirlərinə səbəb olub.
