Odlar.media xəbər verir ki, alimlər şəkərin qida rasionundan tamamilə çıxarılmasının sağlamlıq üçün gözlənilməz mənfi nəticələrə səbəb ola biləcəyini müəyyən ediblər.
Araşdırmanın nəticələrinə əsasən, şəkərdən tam imtina bağırsaq sağlamlığına və maddələr mübadiləsinə mənfi təsir göstərə, həmçinin qanda qlükoza səviyyəsinin tənzimlənməsini çətinləşdirə bilər.
Tədqiqat Küveytdə fəaliyyət göstərən Dasman Diabet İnstitutunun alimləri tərəfindən aparılıb. Elmi iş çərçivəsində siçanlar az yağlı və tərkibində saxaroza olmayan qida ilə bəslənib, nəticələr isə nəzarət qrupu ilə müqayisə olunub.
Müşahidələr zamanı eksperimental qrupda qlükoza mübadiləsinin pozulması, insulinə həssaslığın azalması, bağırsaq mikrobiotasında dəyişikliklər, həmçinin bağırsaq və qaraciyərdə iltihabi proseslər qeydə alınıb. Bundan başqa, qaraciyərin piylənməsi ilə əlaqəli patoloji dəyişikliklər də aşkar edilib.
Mütəxəssislər hesab edirlər ki, xüsusilə az yağlı pəhriz zamanı şəkərin tamamilə rasiondan çıxarılması metabolik proseslərin balansını poza bilər. Onların fikrincə, sağlam qidalanmada əsas məqsəd şəkərdən tam imtina deyil, karbohidratların balanslı və nəzarətli şəkildə qəbul edilməsidir.
