Odlar.media xəbər verir ki, ABŞ rəsmiləri İranın milyardlarla dollar həcmində dondurulmuş aktivlərinin geri qaytarılması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıblar.
Məlumata görə, bu barədə jurnalist Barak Ravid mənbələrə istinadən paylaşım edib. Bildirilib ki, İranla əldə olunan razılaşma nəticəyə əsaslanan mexanizm üzərində qurulub və Tehran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyənədək dondurulmuş vəsaitlərin açılması nəzərdə tutulmur.
Qeyd olunub ki, daha əvvəl ABŞ-ın İranla əldə olunan razılaşma çərçivəsində milyardlarla dollar həcmində aktivləri dondurulmuş vəziyyətdən çıxaracağı barədə xəbərlər yayılmışdı. Lakin ABŞ administrasiyası bu məlumatları rədd edib.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens də daha əvvəl İranın aktivlərinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı iddiaları təkzib edərək, sazişin imzalanmasına görə Tehrana birbaşa maliyyə vəsaiti verilməyəcəyini bildirib.
Xatırladaq ki, son aylarda ABŞ, İsrail və İran arasında yaşanan gərginlik regionda təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirib. Tərəflər arasında əldə olunan son razılaşmalar isə beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
