Odlar.media xəbər verir ki, ABŞ və İran arasında münaqişənin dayandırılmasını nəzərdə tutan sülh sazişinin yekun mətni üzrə razılıq əldə olunub. Hazırda Pakistan sənədin imzalanması prosesinin tamamlanması üçün hər iki tərəflə intensiv danışıqlar aparır.
Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” sosial şəbəkəsində paylaşım edib.
Baş nazir bildirib ki, İslamabadın aktiv vasitəçilik təşəbbüsləri fonunda sülh prosesini gözdən salmağa yönəlmiş əsassız məlumatlar yayılmaqda davam edir. Onun sözlərinə görə, bu cür cəhdlərə baxmayaraq, tərəflər sazişin yekun mətnini razılaşdırmağa nail olublar.
Şahbaz Şərif qeyd edib ki, bütün spekulyasiyalar və əsassız iddialar bir kənara qoyulduqda, sülh sazişinin tam razılaşdırılmış variantının artıq hazır olduğu aydın görünür. O vurğulayıb ki, Pakistan hazırda növbəti mərhələlərin həyata keçirilməsi üçün həm ABŞ, həm də İranla sıx əməkdaşlıq edir.
Pakistan hökumət başçısı əlavə edib ki, bölgədə sülhün əldə olunması heç vaxt indiki qədər yaxın olmayıb. O, tərəflər arasında əldə edilən irəliləyişin münaqişənin sona çatdırılması istiqamətində mühüm addım olduğunu bildirib.
