Odlar.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə Rusiya Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda Azərbaycan xalqı adından və öz adından Vladimir Putinə, eləcə də bütün Rusiya xalqına dövlət bayramı münasibətilə səmimi təbriklər çatdırılıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqları əsrlər boyu birləşdirən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır.
Məktubda iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın fəal şəkildə inkişaf etdiyi, regionlararası və mədəni-humanitar əlaqələrin genişləndiyi vurğulanıb.
Azərbaycan Prezidenti bildirib ki, birgə səylər Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik istiqamətində daha da inkişafına və möhkəmlənməsinə xidmət edəcək.
İlham Əliyev Vladimir Putinə möhkəm cansağlığı və uğurlar, Rusiya vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzularını çatdırıb.
