Odlar.media xəbər verir ki, Azərbaycanın strateji valyuta ehtiyatları son illər ərzində əhəmiyyətli dərəcədə artaraq 2 milyard dollardan 90 milyard dollara yüksəlib.
Bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm dəyişikliklər baş verib.
Onun sözlərinə görə, həyata keçirilən islahatlar nəticəsində iqtisadi tənəzzül qısa müddətdə aradan qaldırılıb, torpaq islahatları aparılıb və ölkədə yeni mülkiyyət münasibətləri formalaşıb.
Vüqar Bayramov bildirib ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyub.
“Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biridir. Eyni zamanda, enerji resursları ölkəmizin müstəqil xarici siyasət imkanlarını daha da gücləndirib”, – deyə deputat vurğulayıb.
O qeyd edib ki, iqtisadi göstəricilər həyata keçirilən siyasətin nəticələrini aydın şəkildə əks etdirir. Deputatın sözlərinə görə, 1993-cü ildə ÜDM-in 7,1 faizini təşkil edən büdcə kəsiri 2002-ci ildə 0,4 faizə qədər azalıb. Sosial müdafiə və sosial təminat xərclərinin büdcədəki payı isə 8,5 faizdən 20,4 faizə yüksəlib.
Deputat son illərdə əldə olunan iqtisadi nailiyyətlərə də diqqət çəkib. O bildirib ki, son 23 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb, dövlət büdcəsinin gəlirləri təxminən 30 dəfə artıb.
Vüqar Bayramov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən artıq 23 milyard manatdan çox vəsait ayrılıb. Hazırda həmin ərazilərdə təxminən 85 min vətəndaş yaşayır, çalışır və təhsil alır.
“Suverenliyimizin tam bərpasının banisi Ulu Öndər Heydər Əliyev, onu reallaşdıran isə Prezident İlham Əliyev və şanlı Azərbaycan Ordusu oldu”, – deyə deputat bildirib.
