🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda leysan və dolu ehtimalı var

Odlar.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyunun 11-nə gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam saatlarında isə şimal-qərb küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə saatlarında 18-21 dərəcə isti, gündüz isə 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 760 mm civə sütunu təşkil edəcəyi, nisbi rütubətin gecə 60-70 faiz, gündüz isə 45-50 faiz səviyyəsində olacağı bildirilir.
Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, günün ikinci yarısından etibarən bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə oluna bilər. Qərb küləyi üstünlük təşkil edəcək.
Rayonlarda havanın temperaturu gecə 18-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 8-13 dərəcə isti, gündüz 17-22 dərəcə isti, bəzi yerlərdə isə 25-28 dərəcəyədək yüksələcək.