🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:33   •   🌡️ Bakı

Zakir Həsənov Serbiyada rəsmi səfərə başlayıb

Odlar.media xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasında rəsmi səfərdədir.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və tanınmış serb yazıçısı Milorad Paviçin abidələrini, həmçinin Milika Rakiçin xatirəsinə ucaldılmış memorial kompleksi ziyarət edib, abidələrin önünə əklillər qoyub.
Daha sonra proqram çərçivəsində general-polkovnik Zakir Həsənov Serbiyanın müdafiə naziri Bratislav Qaşiç ilə görüş keçirib. Rəsmi qarşılanma mərasimində hər iki ölkənin müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib, Azərbaycan və Serbiyanın dövlət himnləri səsləndirilib.
Görüş zamanı Azərbaycan ilə Serbiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər regional təhlükəsizlik məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları da müzakirə ediblər.
Qeyd olunub ki, səfər çərçivəsində müdafiə nazirinin Serbiyanın Buyanovats şəhəri yaxınlığında təşkil olunan “Platinum Wolf-2026” beynəlxalq taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı da nəzərdə tutulur.