🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Ürək sağlamlığı üçün əsas olan meyvənin miqdarı deyil, düzgün seçimdir

Odlar.media xəbər verir ki, ürək-damar xəstəliklərindən qorunmaq üçün yalnız çoxlu meyvə və tərəvəz yemək kifayət etmir. Alimlərin yeni araşdırması göstərib ki, əsas məsələ flavanollarla zəngin qidaları seçməkdir.
Mütəxəssislərin sözlərinə görə, flavanollar bitki mənşəli təbii antioksidantlardır və onların gündə təxminən 500 milliqram qəbul edilməsi ürək sağlamlığına müsbət təsir göstərir.
“Food and Function” jurnalında dərc olunan araşdırma çərçivəsində Böyük Britaniya və ABŞ-dan 30 mindən çox insanın məlumatları təhlil olunub. Nəticələr göstərib ki, təkcə meyvə və tərəvəzlərin miqdarını artırmaq ürək sağlamlığını qorumaq üçün yetərli deyil. Əsas amil flavanollarla zəngin məhsulların qida rasionunda yer almasıdır.
Tədqiqatın rəhbəri doktor Xavyer Ottaviani bildirib ki, bir çox insan bol meyvə və tərəvəz qəbul etməyin kifayət etdiyini düşünsə də, tövsiyə olunan flavanol səviyyəsinə çatmaq üçün düzgün məhsullar seçilməlidir.
Araşdırma həmçinin göstərib ki, sağlam qidalanma qaydalarına əməl edən insanların 25 faizindən azı gündəlik tövsiyə olunan flavanol normasını qəbul edir. Maraqlıdır ki, çox meyvə və tərəvəz yeyənlərlə az yeyənlər arasında flavanol qəbulu baxımından ciddi fərq qeydə alınmayıb.
Alimlər flavanol qəbulunu artırmaq üçün qida rasionuna böyürtkən, alma, yaşıl çay, lobya və digər paxlalı bitkilərin daxil edilməsini tövsiyə edirlər.
Flavanolla ən zəngin məhsullar sırasında ərik, zoğal, böyürtkən, yaşıl çay, paxla, alça, qabıqlı alma, çiyələk, göyəm və pinto lobyası yer alır.
Tədqiqat müəllifləri hesab edirlər ki, gələcəkdə qidalanma ilə bağlı tövsiyələr yalnız meyvə və tərəvəzlərin miqdarına deyil, onların tərkibindəki faydalı maddələrin səviyyəsinə əsaslanmalıdır.